24media.az Azərtac-a istinadən bildirir ki, Fransa Milli Assambleyasının 1968-ci il Fransa–Əlcəzair sazişini ləğv etməyə çağıran qətnaməni qəbul etməsi qarşı ölkədə soyuq, lakin kinayəli reaksiya ilə qarşılanıb.
Əlcəzairin xarici işlər naziri Əhməd Attaf məsələni tamamilə fransızların daxili işi adlandıraraq bildirib ki, qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin saziş hökumətlərarası beynəlxalq razılaşmadır. “Böyük bir ölkənin seçki yarışında başqa bir ölkənin tarixini alətə çevirməsi təəssüf doğurur”, - deyə Əlcəzairin baş diplomatı deyib.
Nazir “AL24 News” telekanalına müsahibəsində Fransa parlamentində baş verənləri “seçki məqsədli siyasi oyun” kimi qiymətləndirib. “Bu, Əlcəzairə aid məsələ deyil. Bu, Fransa Milli Assambleyası ilə Fransa hökuməti arasında olan daxili məsələdir. Açığı, belə bir mövzu üzərində seçki yarışına girən ölkəni izləmək məyusedicidir,” – deyə Ə.Attaf vurğulayıb. O, hadisəni istehzalı şəkildə cılız adlandıraraq, Fransa siyasətçilərinin populist rəqabətinə eyham vurub.
Turqut Ansari
