Bu gün:

“20 ilə yaxın həm pulumuzu, həm də zamanımızı itirdik” – idman jurnalisti Mehman Süleymanovla müsahibə


Azərbaycan milli futbol komandasının hazırkı durumu azarkeşləri sevindirmir. Artıq bir ildən çoxdur ki, yığmamız qələbə üzü görmür. Oyunlardakı nəticələr və ümumi vəziyyət futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Bəs bu gedişatın səbəbi nədir? Məsələ ilə bağlı idman jurnalisti Mehman Süleymanov fikirlərini 24media.az-la bölüşüb.

Jurnalist ilk növbədə millinin uğursuzluğunun səbəblərinə toxunaraq bildirib ki, əsas problem futbolçuların səviyyəsi və ölkə çempionatının keyfiyyəti ilə bağlıdır:


“Bizdə futbolçular hələ də istənilən səviyyədə deyil. Məlumdur ki, Azərbaycanda regional limit yoxdur, bu da çempionatın səviyyəsinə təsir edir. Nəticədə güclü rəqabət yaranmır. Buna görə də ümidlər əsasən xaricdə çıxış edən oyunçulara yönəlir. Amma təəssüf ki, orada da mənzərə ürəkaçan deyil. Xaricdə oynayanların sayı azdır, ön planda olan isə demək olar ki, yoxdur”. 


Mehman Süleymanov son illər ən çox ümid bəslənən futbolçulardan biri olan Mahir Emreli barədə də danışıb:


“Mahirə çox inanırdıq. O, Almaniyada oynayır və müəyyən dövrdə yaxşı formada idi. Ancaq son oyunlarda iştirak etməməsi onun oyun ritmini aşağı salıb. Bu da birbaşa millidəki çıxışına mənfi təsir göstərir”. 


Mehman Süleymanov hesab edir ki, milli komandada uğurun əsas açarı düzgün baş məşqçi seçimindən keçir:


“İllərdir bu posta əcnəbi mütəxəssislər gətirilir, amma nəticə dəyişmir. 20 ilə yaxın müddətdə həm pulumuzu, həm də zamanımızı itirdik. İndi komandamızın sükanı Ayxan Abbasova tapşırılıb və biz ona inanırıq. Onun rəhbərliyi altında Ukrayna kimi güclü rəqibdən 2 xal qazanmışıq. Düzdür, Ukrayna və Fransa ilə oyunlarda məğlub olmuşuq, amma artıq komandada ruh yüksəkliyi var”.


Yeni dövrün daha uğurlu ola biləcəyinə inanan Mehman Süleymanov gələcəyə ümidlə baxır:


“Ayxan Abbasovun gəlişi ilə oyunçular bir qədər motivasiya tapıblar. Əsas olan meydanda əzmkarlıq və birlikdir. Millimiz hazırda D Liqasındadır, yəni ən aşağı pillədə. Amma mən inanıram ki, zamanla həm baş məşqçimizin, həm də gənc oyunçuların sayəsində yüksələcəyik. Sadəcə, Ayxan müəllimə vaxt və dəstək vermək lazımdır”.


Asiya Zeynallı

Paylaş
Şərh əlavə et