Alimlər heyvanların həqiqətən də zəlzələnin yaxınlaşmasını hiss edib-etmədiyini araşdırmağa qərar veriblər. Heyvanların zəlzələdən əvvəl qəribə davranışı ilə bağlı əksər hekayələr isə elmi yoxlamalara keçmir.

Zəlzələlərlə bağlı rəvayətlərdə tez-tez deyilir ki, fəlakətdən əvvəl heyvanlar narahat olur, evdən qaçmağa çalışır, yuvalarda yaşayanlar isə yerin üzünə çıxırlar.
Mütəxəssislər bunun tamamilə mümkünsüz olmadığını bildirirlər. Çünki zəlzələ ərəfəsində torpaq boyunca xırda titrəyişlər yayılır və heyvanlar bu titrəyişləri hiss edə bilərlər.
Bu məlumatları təsdiqləmək üçün Almaniyanın Yer Tədqiqatları Mərkəzinin əməkdaşları heyvanlar və zəlzələlər haqqında 700-dən çox məlumatı analiz ediblər. Nəticədə, 160 zəlzələ zamanı 130 növ heyvanın davranışı araşdırılıb.
Tədqiqatçılar qəribə hesab oluna biləcək müxtəlif davranışlara diqqət yetiriblər. Məsələn, bir məlumatda zəlzələdən əvvəl bir pələngin depressiyaya düşdüyü qeyd olunub.
Araşdırmanın nəticəsinə görə, bu kimi “heyvanların zəlzələni əvvəlcədən hiss etməsi” barədə hekayələrin böyük hissəsi elmi baxımdan şübhəlidir.
Alimlər bildiriblər ki, heyvanın həqiqətən də qeyri-adi davranıb-davranmadığını müəyyən etmək üçün onun adi davranışı ilə müqayisə aparmaq lazımdır. Ola bilər ki, davranış dəyişiklikləri başqa səbəbdən baş verib və zəlzələ ilə əlaqəsi yoxdur. Məsələn, depressiyaya düşən pələngin vəziyyətinə diqqət yetirərkən, onun depressiyasının məhz zəlzələdən əvvəl başlayıb və zəlzələdən sonra keçdiyinə əmin olmaq lazımdır.
Mənbə: mir24.tv
Tərcümə etdi: Aysel Mehtizadə
