Atletico Madrid Sevilla üzərində qələbə ilə məğlubiyyətsiz seriyasını 10 oyuna çatdırıb. La Liqanın növbəti turunda "Atletico Madrid" evdə "Sevilla" üzərində 3:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə Madrid təmsilçisi ardıcıl 10-cu liqa oyununda məğlub olmayıb.

Oyunun ilk hissəsində qollar olmasa da, ikinci yarıda ev sahibləri üstünlüyü ələ alıblar. 64-cü dəqiqədə Jose Maria Gimenezə qarşı Nianzounun kobud müdaxiləsi nəticəsində VAR qərarı ilə penalti təyin olunub və Julian Alvarez bu fürsəti dəyərləndirib.
77-ci dəqiqədə sağ cinahdan Giuliano Simeonenin reydindən sonra Almada fərqlənərək hesabı 2:0 edib. Oyunun sonlarına yaxın- 90-cı dəqiqədə isə Antoine Griezmann Almadanın ötürməsini qola çevirərək La Liqada 200-cü qoluna imza atıb.
Kapitan Koke oyundan sonra bildirib: “Komanda olaraq çox yaxşı çıxış etdik. Üçüncü oyundur ki, qapımızı toxunulmaz saxlayırıq. Bu da bizim əsas güclü tərəfimizdir”.
Bu qələbədən sonra "Atletico Madrid" 22 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və 1 oyunu əskik olan "Barcelona" ilə xalları bərabərləşdirib. Lider "Real Madrid" isə 27 xalla zirvədə qərarlaşıb.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
