Bu gün:

Kobud əmrlər ChatGPT-nin cavab dəqiqliyini artırır


Araşdırmalar göstərir ki, ChatGPT-yə kobud tonda verilən əmrlər nəzakətli şəkildə yazılanlardan daha düzgün cavablar verir. 

Araşdırma arxiv platformasında dərc edilib və nəticələr süni intellektlə ünsiyyətin tonunun cavab keyfiyyətinə təsir etdiyini ortaya qoyub. Tədqiqatçılar ChatGPT-4o modelinə müxtəlif səviyyələrdə nəzakətli və kobud 250 fərqli əmrlə suallar yönəldiblər.

Əldə olunan nəticələrə görə “xahiş edirəm, bunu nəzərə ala bilərsinizmi?” kimi çox nəzakətli əmrlər 80,8% dəqiqliklə ən zəif nəticəni verib. “Lütfən” kimi sözlərlə yazılan nəzakətli əmrlər 81,4%, neytral tonda olanlar 82,2% nəticə göstərib. Lakin kobud əmrlərdə bu göstərici müvafiq olaraq 82,8% və 84,8%-ə qədər yüksəlib. 

Həmçinin  araşdırma dil və mədəniyyətin də rol oynadığını vurğulayır. 2024-cü ildə aparılan oxşar tədqiqatda İngiliscə danışanların daha birbaşa, yapon dilində danışanların isə daha nəzakətli üsluba üstünlük verdiyi müəyyən olunub. Bu ideal nəzakət səviyyəsinin dil və mədəniyyətə görə dəyişdiyini göstərir. 

Nəticə olaraq, tədqiqat kobud tonun müəyyən hallarda daha səmərəli nəticə verdiyini, lakin bunun təhqiramiz dil demək olmadığını bildirir. Eyni zamanda bir çox istifadəçi süni intellektlə “daha nəzakətli davranmağın” gələcəkdə potensial “robot üsyanı” kimi ssenarilərdə fayda verə biləcəyinə inanır. Texnologiya şirkətləri isə istifadəçiləri nəzakətli ünsiyyətə çağıraraq bunun cavabların tonuna və keyfiyyətinə təsir etdiyini vurğulayırlar.

Mənbə: Nuvemmag.com                                                                         

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et