Bu gün:

Heyvanlar dost ola bilərmi?


Dostluq yalnız insanlara xas bir anlayış deyil. Araşdırmalar göstərir ki, bir çox heyvanların da öz yaxın dostları, möhkəm sosial bağları və hətta yaxınları üçün özlərini qurban vermək kimi davranışları olur.

Alimlərin fikrincə, heyvanlar həqiqətən də insan dostluğunu xatırladan uzunmüddətli əlaqələr formalaşdıra bilirlər. Bu münasibətlər çox vaxt etimada, qarşılıqlı faydaya və oksitosin kimi neyrokimyəvi maddələrin təsirinə əsaslanır. Oksitosin isə canlılar arasında bağlılıq və yaxınlıq hissini gücləndirir.

Məsələn, erkək delfinlərin “maraq qrupları” olur: oxşar ov üsullarından istifadə edənlər birlikdə qalırlar. Fillərin tanışlarını xüsusi səslərlə salamlaması, meymunların saatlarla bir-birini təmizləməsi, qalqaların isə dimdiklə kimə qulluq edəcəyini seçməsi — bunların hamısı sosial bağlılığın göstəricisidir.

Bu cür münasibətlər heyvanlara real fayda verir; mehriban və sosial aktiv fərdlər daha uzun yaşayır, daha uğurla çoxalır və stresi daha asan keçirirlər.

Bəzən dostluq həqiqi fədakarlıq tələb edir. Vampir yarasaları ac qalan dostları ilə qanlarını bölüşür, hətta onu ağızlarına qaytararaq yedirirlər. Şimpanzelər isə dostlarının yetim qalan balalarını övladlığa götürə bilirlər. Bu zaman yetkin şimpanzelər həyat tərzlərini yavaşlatmalı olur, balanı daşıyır, onunla yatacaq yerini paylaşır və qrup fəaliyyətlərində daha az iştirak edirlər.

Bəzən dostluq müxtəlif növlər arasında da yaranır. Konqoda onilliklərlə davam edən vəhşi şimpanze və qorillalar arasında dostluq halları qeydə alınıb. Belçika zooparkında oranqutanlar su samurları ilə dostlaşıb, Meksikada isə birlikdə böyüyən aslan və it sığınacağa köçürüldükdən sonra belə dostluqlarını davam etdiriblər.

Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et