Vatikan Məryəmin insan xilasındakı rolu ilə bağlı əsrlər boyu davam edən mübahisəni həll etməyə hazırlaşır. Kilsə tərəfindən 4 noyabrda dərc ediləcək sənəd “Həmxilaskar” titulunun ətrafındakı qeyri-müəyyənliklərə aydınlıq gətirəcək və Katolik inancında yeni bir mərhələnin başlanğıcı ola bilər.

Vatikanın məlumatına görə, sənəd Məryəmin Tanrı tərəfindən seçilməsi və xristian inancındakı mərkəzi rolu ilə bağlı suallara aydınlıq gətirməyi hədəfləyir.
Birlikdə xilas
Katolik inancına görə, Məryəm Tanrı tərəfindən Müqəddəs Ruhun gücü ilə İsa Məsihi dünyaya gətirmək üçün seçilib. İnsan günahkar doğulduğu üçün xilas yalnız İsa Məsihin vasitəsilə mümkündür. Lakin bəzi dairələr düşünür ki, Məryəm də bu xilasa “bəşəriyyətin xilasına verdiyi töhfə” ilə şərik olub və bu səbəbdən ona “Birgə Xilaskar” (latınca Co-Redemptrix) titulu verilə bilər.
Bu fikrin tərəfdarları deyirlər ki, Məryəm xilasa “əməkdaşlıq edən” rol oynayıb, amma tənqidçilər bunun İsa Məsihin yeganə xilaskar rolunu kölgədə qoya biləcəyini və xristian məzhəbləri arasındakı münasibətləri gərginləşdirəcəyini bildirirlər.
Bu, Papa üçün ən böyük addım ola bilər
Heç bir Papa Məryəmə rəsmi olaraq “Birgə Xilaskar” titulunu verməyib. Papa II İohann Pavel bu ifadəni 26 illik papalıq dövründə bir neçə dəfə işlədib, lakin onun varisləri daha ehtiyatlı davranıblar.
Papa XVI Benedikt bu fikrə qarşı çıxaraq, titulun Müqəddəs Kitabla uyğun olmadığını bildirib. Bu il vəfat edən Papa Fransisk isə 2021-ci ildə demişdi: “İsa Məsih yeganə xilaskardır. Məryəm bizə ilahə kimi deyil, ana kimi verilib”.
Kardinal Viktor Manuel Fernandezin gələn həftə Romada təqdim edəcəyi doktrinal sənəd, dünyada 1,4 milyard katolik üçün inanc baxımından yeni bir dövrün başlanğıcını göstərə bilər.
https://share.google/jVp1gD66BMQlvNVXc
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
