Ev heyvanları ot yesələr də, onu həzm edə bilmirlər. Ekspertlərin fikrincə, bunun bağırsaqları stimullaşdırmaqdan tutmuş şişkinliyi azaltmağa qədər bir neçə səbəbləri var.
Ev pişikləri və itləri bəzən ot çeynəyirlər. Bu davranış bir çox sahibləri təəccübləndirir. On illərlə aparılan müşahidələrə baxmayaraq, baytarlar hələ də bu vərdişin səbəbi barədə yekunl qərara gələ bilməyiblər. Belə ki, heyvanlar sağlam olduqları və balanslı qidalandıqları halda belə bitkilərə maraqları itməyir.
Ən çox yayılan fikirlərdən biri odur ki, heyvanlar özlərini pis hiss etdikdə ot yeyirlər. Lakin araşdırmalar göstərib ki, bu zamanlarda halsızlıq əlamətləri cəmi 6–9% hallarda müşahidə olunur.
Daha inandırıcı versiyaya görə, bu davranış instinktivdir: vəhşi pişiklər və canavarlar da ot yeyirlər. Ehtimal edilir ki, bu, bağırsaqları parazitlərdən təmizləməyə kömək edir. Baxmayaraq ki, otun tərkibində əhəmiyyətli qida maddələri yoxdur. Başqa bir versiyaya, əsasən, o, heyvanlara müəyyən mikroelementlər verir. Amma balanslı qidalanan heyvanlarda da buna ehtiyac olmur.
Həmçinin pişiklərin ot yeməklə tüklərdən xilas olduqları barədə hipoteza da təsdiq olunmayıb, çünki uzun tüklü və qısa tüklü pişiklər bunu eyni tezliklə edirlər.
Əgər ev heyvanı nadir hallarda ot çeynəyirsə, bu, narahatlıq üçün əsas deyil. Amma o, bunu çox tez-tez edirsə və sonra tez-tez qaytarırsa, mütləq baytara müraciət etmək lazımdır.
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
