Bu gün:

101 yaşında hələ də işə gedir: Həftədə 6 gün işləyir


100 yaşlı bir qadın hələ də 1964-cü ildə qurduğu biznesdə həftədə altı gün işləyir. Onun üçün bu temp sadəcə normal bir həyat tərzidir.

101 yaşlı Ann Angeletti, Nyu-Cersi ştatının Kresskill şəhərində yaşayır və həftədə altı gün işləyir. O, bəzən zərgərlik mağazası olan Curiosity Jewelers-də, bəzən də Nyu-Yorkun məşhur almaz rayonunda işləyir.

Angeletti 60 ildən çoxdur ki, fəal şəkildə işləyir. Onun iti zehni, enerjisi və müştəri xidmətlərinə olan sevgisi onu həm çalışqan iş adamı, həm də nümunəvi bir insan kimi tanıdır. Lakin onu davam etdirən tək səbəb iş deyil — o, həyat enerjisinin sirrinin işinə sədaqətində olduğunu deyir.

“Əgər, təqaüdə çıxsam, ölərəm"

“Təqaüdə çıxsam, ölərəm. Buna görə də evdə qala bilmərəm,” - deyə o, ABC 7-ə bildirib. O, canlı qalmasının səbəbini belə izah edir:

“Yerinizdən qalxmalı, duş qəbul etməli, yemək yeməli, özünüzə qulluq etməli, idman etməlisiniz. Əgər işinizi sevmirsinizsə, onu dəyişdirin”.

Bruklində ailəsinin baqqal mağazasında gənc yaşlarında işləməyə başlayan Angeletti təhsilini yarımçıq qoymalı olub. İkinci Dünya Müharibəsi zamanı əri cəbhədə olarkən o, əvvəl gəmiqayırma zavodunda, sonra isə ofisiant kimi çalışıb.

Həftənin altı günü işləyir

1964-cü ildə Curiosity Jewelers mağazasını quran Angeletti binanı təsadüfən tapıb və kirayə haqqının cəmi 85 dollar olduğunu öyrənəndə fürsətdən istifadə edib. Bu gün onun mağazası çərşənbə axşamından şənbə gününə qədər saat 10:30-dan 17:00-dək açıq olur. Altıncı gün isə o, Nyu-Yorkun almaz rayonuna gedir.

ABŞ-də yüz yaş və daha yuxarı yaşı olan insanların sayı sürətlə artır. Havayda hər 100.000 nəfərdən 44,4-ü yüzillikdir ki, bu da ölkə üzrə orta göstəricidən iki dəfə çoxdur. Nyu-Cersi ştatında isə Angeletti kimi təxminən 2646 yüzillik yaşayır.

Lakin mütəxəssislər bildirirlər ki, ölkənin infrastruktur sistemi bu artıma kifayət qədər hazır deyil. Şimal-Şərq Universitetinin araşdırmalarına görə, yaşlı əhalinin çox olduğu bölgələrdə yaşayanların 70 faizi yaşlılara xidmət imkanlarından məhrumdur.

 https://www.sozcu.com.tr/101-yasinda-hala-ise-gidiyor-haftanin-6-gunu-calisiyor-p253465

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et