Londonda fəaliyyət göstərən Kölgə Robot Şirkəti (Shadow Robot Company) adlı mühəndislik firması inqilab yarada biləcək yeni texnologiya üzərində işləyir. Şirkətin laboratoriyasında hazırlanmış insanabənzər metal robot əllər real insan hərəkətlərini təqlid edə bilir.

Şirkətin rəhbəri Riç Uokerin sözlərinə görə, məqsəd insanlara gündəlik həyatlarında kömək edən, ev işlərini asanlaşdıran robotlar hazırlamaqdır. Lakin bu texnologiyanın daha dərin məqsədi Böyük Britaniyada getdikcə böyüyən sosial qulluq böhranına həll tapmaqdır.
Hazırda İngiltərədə 131 min sosial qulluq işçisi çatışmır və təxminən 2 milyon yaşlı insanın baxım ehtiyacları ödənilmir. 2050-ci ilə qədər əhalinin dörddə birinin 65 yaşdan yuxarı olacağı gözlənilir. Buna görə də hökumət son illərdə robot texnologiyalarına milyonlarla funt sterlinq investisiya yatırıb.
Nottingem Universitetinin professoru Praminda Kaleb-Solli şəbəkə quraraq robot istehsalçılarını və potensial istifadəçiləri bir araya gətirib. Onun sözlərinə görə, yaşlılar robotlardan “mehriban görünüş” və “səsli ünsiyyət” gözləyirlər. Ən əsas isə robotların öz-özünü təmizləməsi və enerji toplamasıdır.
Mütəxəssislər razılaşır ki, gələcəkdə robotlar gündəlik həyatımızın bir hissəsinə çevriləcək. Amma bu keçid mərhələsində ən vacib məsələ düzgün qanunvericilik və etik nəzarətin formalaşdırılmasıdır.
“Biz robotlara xidmət etmək üçün yox, robotların bizə xidmət etməsi üçün texnologiya qurmalıyıq”. – deyə tədqiqatçılar bildiriblər.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
