Bu gün:

Yaponiyada ayı hücumu qurbanlarının sayı rekord həddə çatıb


Yaponiyada aprel ayından bəri ayı hücumu nəticəsində həyatını itirənlərin sayının 10-a yüksələrək rekord qırdığı bildirilib.

Dövlət televiziya kanalı NHK-nin xəbərinə görə, Yaponiyanın Ətraf Mühit Nazirliyi apreldən bəri ölkənin kənd və şəhər bölgələrində baş verən ayı hücumlarına dair açıqlama yayıb.

Akita prefekturasına bağlı bir kənddə ötən həftə baş verən hücumla ölənlərin sayının 10-a çatdığı və bunun rekord göstərici olduğu qeyd olunub.

Kyodo News-un məlumatına görə, Akita qubernatoru Kenta Suzuki rekord sayda ölüm hadisəsindən sonra məsələ ilə bağlı açıqlama verib.

Suzuki hücumlara qarşı mübarizədə insanların yorulduğunu, işçi qüvvəsinin azaldığını və ovçuların yaşlandığını vurğulayaraq, bu səbəbdən Yaponiyanın Özünümüdafiə Qüvvələrindən (SDF) logistik dəstək tələb edəcəyini bildirib.

Yaponiyada iyun ayından bəri, xüsusilə ölkənin şimal bölgələrində ayıların turistlərə hücum etdiyi, mağazalara girdiyi, məktəb və parkların ətrafında göründüyü qeyd olunur.

Yaponiya sentyabrın əvvəlində ayı hücumları səbəbindən vəhşi təbiətin qorunmasına dair qanunlarda dəyişiklik edib. Yeni qanuna əsasən, bələdiyyə rəsmilərinə xüsusi təyin olunmuş ovçuların yaşayış məntəqələrində qəhvəyi və qara ayılar da daxil olmaqla, vəhşi heyvanları vurmasına icazə veriləcəyi bildirilib.

Mənbə: TRT HABER

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et