Bu gün:

Niyə ərincəklər bu qədər yavaşdırlar?


Ərincək heyvanlar aləmində yüksək nüfuza malik canlılardan hesab edilmir. Bununla belə, bəzi insanlar onun sakit və aram-aram həyat tərzinə qibtə etsələr də, digərləri bu qədər yavaş hərəkət edən bir növün necə sağ qala bildiyini anlamaqda çətinlik çəkirlər.

Hesab olunur ki, ərincəyin yavaş hərəkət etməsi onun qidalanma tərzi ilə bağlıdır. Bu heyvanlar əsasən Mərkəzi və Cənubi Amerikanın meşələrində, lianalar arasında yaşayırlar. Ərincəklər ağacların yarpaqları, meyvələri və tumurcuqları ilə qidalanırlar. Belə qidalar demək olar ki, nə yağ, nə də zülal baxımından zəngindir. Buna görə də bu canlılar enerjilərini daim qorumağa çalışırlar. Orta hesabla bir ərincək gün ərzində cəmi 38 metr məsafə qət edir. Əgər o, yer üzərində hərəkət edirsə, bir addım atmaq üçün təxminən bir dəqiqə vaxt sərf edir.

Ərincəyin həzm sistemi də bu templə uyğunlaşıb. O, yeməyi çeynədikdən sonra, onun tam həzm olunması üçün bəzən bir aya yaxın vaxt tələb olunur. Ərincəyin maddələr mübadiləsinin sürəti digər məməlilərlə müqayisədə 40–45% daha aşağıdır. Bu xüsusiyyət ona az kalori qəbulunu kompensasiya etməyə imkan verir.

Bununla belə, düşünmək lazım deyil ki, ərincəklər daim zəifdirlər. Onlar bu həyat tərzinə mükəmməl şəkildə uyğunlaşıblar və bəzən dözümlülükləri insanı heyran edir. Bu heyvanlar ağac budaqlarında saatlarla asılı vəziyyətdə qala bilirlər və heç yorulmurlar. Maraqlıdır ki, məhz bu xüsusiyyət onların yavaş olmasına da şərait yaradır, çünki ağacların yüksəkliyində yaşadıqları üçün yırtıcılardan qorxmağa ehtiyac duymurlar.

Mənbə: bethowen.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et