Bu gün:

BMT-nin Kibercinayətkarlıq Konvensiyası Hanoyda imzalanıb


Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlıqla mübarizə üzrə tarixi konvensiyası qlobal iqtisadiyyata hər il trilyonlarla dollara başa gələn rəqəmsal cinayətlərə qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Vyetnamın paytaxtı Hanoyda təxminən 60 ölkənin imzalayacağı konvensiya insan haqları və ifadə azadlığı ilə bağlı tənqidlərlə üzləşib. Meta və Microsoft kimi texnologiya nəhəngləri bunu “müşahidə müqaviləsi” adlandırsa da, BMT onun insan hüquqlarını qoruyan müddəaları ehtiva etdiyini iddia edir.



BMT-nin kibercinayətkarlığa dair uzun müddətdir hazırlanmış konvensiyası bu həftə sonu Vyetnamın paytaxtı Hanoyda təxminən 60 ölkənin iştirakı ilə imzalanacaq. Konvensiya artan rəqəmsal cinayətlərə qarşı qlobal mübarizə üçün hüquqi baza yaratmaq məqsədi daşıyır. Bununla belə, cinayətlərin qeyri-müəyyən tərifləri potensial olaraq insan hüquqlarının pozulmasına yol açdığı üçün tənqid olunur.

Açılış nitqi ilə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş konvensiyanın əhəmiyyətini vurğulayaraq, "Kiberməkan cinayətkarlar üçün münbit şəraitə çevrilib. Ailələr hər gün mürəkkəb fırıldaqçılıq üsullarının qurbanı olur və iqtisadiyyatlar milyardlarla dollar itirir",-deyib. Quterreş konvensiyanı “kibercinayətlərə qarşı kollektiv müdafiəni gücləndirəcək məcburi hüquqi sənəd” kimi təsvir edib.

Konvensiya fişinq, ransomware, onlayn insan alveri və nifrət nitqi də daxil olmaqla geniş spektrli cinayətləri əhatə edir. BMT-nin məlumatına görə, kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il trilyonlarla dollar ziyan vurur. Konvensiyanın qüvvəyə minməsi üçün ən azı 40 ölkə onu ratifikasiya etməlidir.

Meta və Microsoft-un daxil olduğu Cybersecurity Tech Accord sazişi “müşahidə sazişi” kimi təsvir edərək, bunun hökumətlər arasında məlumat mübadiləsini asanlaşdıra və sistem zəifliklərini yoxlayan etik hakerləri cəzalandıra biləcəyi barədə xəbərdarlıq edib. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) bildirir ki, saziş insan hüquqlarını qoruyan və qanuni araşdırmaları təşviq edən müddəaları ehtiva edir.

Vyetnam Prezidenti Luong Cuong deyib ki, konvensiya “sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün ortaq məsuliyyəti öz üzərinə götürməyə hazırlanan ölkələr arasında çoxtərəflilik ruhunu” əks etdirir. Bununla belə, Vyetnamın ev sahibi olması mübahisələrə səbəb olub. ABŞ Dövlət Departamenti ölkədə ciddi insan haqları problemlərinə, o cümlədən onlayn senzura və ifadə azadlığının pozulmasına diqqət çəkib. Human Rights Watch təşkilatının məlumatına görə, bu il ən azı 40 nəfər öz fikirlərini internetdə ifadə etdiyinə görə həbs edilib.

Vyetnam sazişi təkcə diplomatik uğur kimi deyil, həm də kritik infrastruktura artan kiberhücumlar qarşısında müdafiə qabiliyyətini gücləndirmək imkanı kimi görür. Hanoyda keçirilən imzalanma mərasimində Avropa İttifaqı, ABŞ və Kanadanın diplomatları və rəsmiləri də iştirak ediblər.


Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova 

Paylaş
Şərh əlavə et