Bu gün:

Trampın Cənub-Şərqi Asiya ilə planlaşdırdığı ticarət razılaşmaları dayanıb


Prezident bazar günü Malayziyaya səfər edərək regionla əlaqələri gücləndirməyə çalışacaq, lakin iyul ayında regional güclərlə əldə etdiyi üç “əl sıxma” razılaşması üzrə irəliləyiş barədə açıqlama verməsi gözlənilmir.

Prezident Donald Tramp bazar günü Malayziyaya enərək, Çinlə gərgin ticarət müharibəsi fonunda regionla iqtisadi əlaqələri möhkəmləndirməyi planlaşdırır. Lakin gündəlikdə bir məsələ yoxdur: bu ilin yayında Cənub-Şərqi Asiyanın ən böyük üç iqtisadiyyatı Vyetnam, İndoneziya və Filippinlə elan etdiyi parlaq ticarət razılaşmalarının yekunlaşdırılmasıdır.

Tramp iyul ayında gömrük rüsumlarını artırmaq üçün müəyyən etdiyi son tarixə qədər mümkün qədər çox ticarət razılaşması bağlamağa çalışan Ağ Evin təşəbbüsü ilə, bu ölkələrlə əldə olunan razılaşmaları tərifləyirdi. Lakin sosial şəbəkələrdə paylaşılan təntənəli postlardan başqa, Ağ Ev ABŞ-nin rüsumları azaltmaqla bağlı şərtləri barədə az məlumat verib. Hətta həmin üç ölkə Trampın dediklərinin bəzilərinə açıq şəkildə etiraz edib. İndoneziya ilə bağlı yayımlanan bir fakt vərəqi istisna olmaqla, administrasiya son aylarda bu razılaşmalarla bağlı heç bir yeni məlumat açıqlamayıb.

Danışıqlardan xəbərdar olan üç mənbənin bildirdiyinə görə, Trampın Kuala-Lumpurda bu üç ölkə ilə danışıqlar üzrə yeni irəliləyiş elan etməsi gözlənilmir. Bununla belə, o, qonşu Kamboca və Malayziya ilə ilkin yeni razılaşmalar təqdim etməyə hazırlaşır.

Vyetnam, İndoneziya və Filippinlə şərtləri yekunlaşdırmaqda yaranan çətinliklər Ağ Evin yayda kütləvi şəkildə elan etdiyi, lakin mübahisəli məsələlərə toxunmayan “əl sıxma” razılaşmalarının nə qədər kövrək olduğunu göstərir. Xüsusilə də, bu, Çini əhatə edən məsələlərə – Pekinin Cənub-Şərqi Asiya ölkələrini ABŞ rüsumlarından yayınmaq üçün tranzit nöqtəsi kimi istifadə etməsinə – aid olanda belədir. Bu problemlərin həll olunmaması Trampı hazırda 30 oktyabrda keçirilməsi planlaşdırılan Çin lideri Si Cinpinlə həlledici görüş ərəfəsində daha zəif mövqeyə salır.

Mənbə: Politico

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et