Pandaların xarakterik rəngini başqa bir heyvanınkı ilə qarışdırmaq çox çətindir. Nəhayət, alimlər müəyyən ediblər ki, bu qara-ağ ayılar niyə belə maraqlı rəngdədirlər.
Böyük Britaniyanın Bristol Universitetinin mütəxəssisləri bildiriblər ki, pandanın qara-ağ ləkələri əla kamuflyaj vasitəsidir. Buna inanmaq çətin olsa da, qaranlıq hissələr pandaya ağac gövdələri ilə, açıq hissələr isə qarla birləşməyə kömək edir.
“Biz pandaları əsasən şəkillərdə və ya zooparklarda görürük. Oradakı fon, adətən, onların təbii yaşayış mühitini əks etdirmir. Bundan əlavə, biz onlara çox yaxın məsafədən baxırıq,” – deyə araşdırmanın müəllifi professor Nik Skott-Semyuel izah edib. “Yırtıcıların baxış bucağından panda, əslində, kifayət qədər yaxşı gizlənir.”
Tədqiqat zamanı alimlər nəhəng pandaların təbii mühitlərində çəkilmiş nadir fotolarını ən müasir təsvir analiz üsulları ilə araşdırıblar. Analizin nəticələri həqiqətən də göstərib ki, panda ətraf mühitlə asanlıqla qarışa bilir.
Tədqiqatın digər müəllifi, professor Tim Karo qeyd edib ki, bu araşdırmaya onu şəxsi diqqətsizliyi ruhlandırıb: “Çinli həmkarlarımız bizə vəhşi təbiətdən fotolar göndərmişdilər və mən həmin şəkillərdə nəhəng pandanı görə bilmədim. Əgər mən, primatların mükəmməl görmə qabiliyyətinə malik biri kimi, onu görə bilmədimsə, o zaman görmə qabiliyyəti daha zəif olan potensial yırtıcılar da onu görə bilməzlər.”
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
