İspaniya futzal çempionatında mövsümün həyəcanlı oyunlarından biri baş tutub. Keçən mövsümün finalçılarının duelində “Jimbi Kartaxena” doğma arenada “Barselona”nı 4:3 hesabı ilə məğlub edib.
Matçın 6-cı dəqiqəsində Tomaz meydan sahiblərinə üstünlük qazandırıb, lakin Pol Paçeko dərhal hesabı bərabərləşdirib – 1:1. 9-cu dəqiqədə Valtinyo “Kartaxena”nı yenidən önə çıxarıb, fasilə ərəfəsində isə Pito fərqi aradan qaldırıb – 2:2.
İkinci hissədə “Barselona” daha fəal təsir bağışlasa da, fürsətlərini dəyərləndirə bilməyib. 34-cü dəqiqədə Qon Kastexon hesabı 3:2 edib, cəmi iki dəqiqə sonra Antonio möhtəşəm zərbə ilə bərabərliyi bərpa edib – 3:3. Lakin son 90 saniyədə Antonio ikinci sarı vərəqə ilə meydandan qovulub və say üstünlüyündən istifadə edən Motta “Kartaxena”ya qələbə qazandıran qolu vurub – 4:3.
Mənbə: Barcelona TV
Tərcümə etdi: Nazim Xeyrxəbərli
