Bu gün:

"Normal insanlarla trend kölələri arasında çəkişmə gedir"


Bu gün cəmiyyətdə, xüsusilə gənclər arasında “trenddə olmaq” anlayışı getdikcə daha çox önəm kəsb edir. Geyim tərzindən tutmuş istifadə olunan telefona, sosial mediada paylaşılan məzmunlardan danışıq tərzinə qədər hər şeydə “geri qalmamaq” istəyi hiss olunur. Bir çoxları üçün bu sadəcə zövq və seçim məsələsi deyil, sosial təzyiqə çevrilib. Bu barədə sosioloq Lalə Mehralı 24media.az-da danışıb. 

- Sizcə, “trenddə olmaq təzyiqi” anlayışı müasir cəmiyyətdə nədən qaynaqlanır? 

İnsanlar sosial şəbəkədə etdiklərini başqalarından fərqlənmək üçün edirlər, amma əslində, təqlid edirlər. Başqa bir şəbəkə istifadəçisinin etdiyi hərəkətin eynisini etmək də internetdə trend olur. Trendlə fenomen olanlar da olur, əsl məqsəd də budur – asan yolla pul qazana bilmək istəyi. 

Əgər trendlər üçün bir bənzətmə fikirləşsək, ən uyğun ifadə “sabun köpüyü” ifadəsi olar. Yəni trend adı altında nümayiş etdirilən hərəkətlər bir anlıq məşhurluq və anında unudulan davranışlardır, eynilə üfürülən köpüyün yoxa çıxması kimi. Trendlərin bu dərəcədə populyarlaşması texnologiyanın inkişafı ilə bağlıdır. Cəmiyyət olaraq sosial mediaya həddən artıq aludə olmuşuq. Bu vəziyyət bizi texno-qul, texnoloji kölə vəziyyətinə saldı. Trendlərə qoşulma məcburiyyəti hiss edənlərin demək olar ki, hamısı texnologiyanın köləsi olan insanlardır. 

- Trendlərə uyğunlaşmaq insanlarda fərdiliyin itməsinə səbəb olurmu? 

Əlbəttə, olur. Hamı öz "mən"ini unudub başqası kimi davranır. İndi hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, bütün gününü kamera qarşısında keçirən gənclər, həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər. Vəziyyət o həddə çatıb ki, yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib. Üstəlik bu videoların hansı daha çox baxış qazanırsa, izlənilirsə, o trend kimi təkrarlanır. Beləcə, eyni motivli videolar internetdə ayaq açıb yeriyir. Hamı bir-birinə bənzəyir, bir-biri kimi davranır.

- Sosial media insanların trenddə qalmaq istəyini nə dərəcədə gücləndirir?

Əvvəllər insanlar evlərində, həyatlarında etdiklərini bu qədər nümayiş etdirmirdilər. İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. İllər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir, trendlərin əsiridir. Gündəlik həyatındakı hər addımını, yediyini, içdiyini, geydiyini kameraya çəkib paylaşanlar və özünü trendlərlə ayaqlaşmaq məcburiyyətində hiss edənlər sürətlə artır. Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə günü-gündən böyüyür.  

- Trendə uymayan insanlar cəmiyyətdə necə qarşılanır? Onlara fərqli baxış formalaşırmı? 

Cəmiyyətdə normal insanlarla trend kölələri arasında çəkişmə gedir, əslində. Qalib gələn tərəf hələ ki trend həvəsində olanlardır. Trendə qoşulmayanlar üçün stiqma formalaşıb deyə bilmərik, hələ ki individuallığını qoruyurlar. Amma bəzən işlədiyi müəssisə onlardan trend videosu çəkməyi tələb edir, bu kimi hallarda ayaq uydurmaq məcburiyyətində qalacaqlar. 

- Gənclər arasında “geri qalmamaq qorxusu,” sizcə, gələcəkdə sosial münasibətləri necə dəyişdirə bilər?

Yəqin ki, amerikalı rəssam Endi Uorholun unudulmaz sitatını eşitmisiniz: “Bir gün hamı 15 dəqiqə məşhur olacaq”. Həmin gün dövrümüzdədir, hamı trendlərlə bir neçə dəqiqə də olsa məşhur ola bilir. İnsanlar məşhur olmağın bihuşluğunu yaşayanda bunu davamlı etmək istəyirlər. Özünü fenomen adlandıran, sosial şəbəkələrdə baxış sayı çox olan insanlar üçün trenddən geri qalmaq izləyicisini itirmək deməkdir və buna görə özlərini hər əcaib trendə qoşulmaq məcburiyyətində hiss edirlər. 

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et