Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş uşaqların sosial mediadan istifadəsinə dair Türkiyəyə məxsus model üzərində intensiv iş apardıqlarını bildirib. Nazir deyib: “Məqsədimiz rəqəmsal dünyanın imkanlarından faydalanarkən uşaqlarımızın kimliklərini, dəyərlərini və məxfiliyini qoruya bilmələrini təmin etməkdir”.

Göktaş bu fikirləri İstanbul Təhsilə Dəstək Platforması (İEDP) tərəfindən Bahçelievler Mümtaz Turhan Sosial Elmlər Liseyində təşkil edilən “5-ci İllik Valideyn Görüşləri – Şüurlu Ailə Forumu”nda səsləndirib.
Nazir müasir dövrdə şüurlu valideynliyin önəmini vurğulayaraq bildirib ki, məlumat əldə etmək asanlaşıb, lakin duyğulara toxunmaq çətinləşib. “Ekranlar və alqoritmlərlə formalaşan bir zamanda uşaqlarımız virtual mühitdə də risklərlə qarşılaşır,” – deyə Göktaş qeyd edib.
O, kiber zorakılıq, rəqəmsal asılılıq, oyun və sosial media tələlərinin uşaqların özünə dəyər hissinə mənfi təsir göstərdiyini bildirib: “Bəzən uşaqlar virtual kimliklər arasında özlərini itirir, bu da tənhalıq və dəyərsizlik hissini artırır.”
Nazirlik olaraq rəqəmsal savadlılığın artırılmasına önəm verdiklərini bildirən Göktaş, ailələr üçün maarifləndirici seminarlar, pulsuz təlimlər və məsləhət xidmətləri təşkil olunduğunu, həmçinin rəqəmsal detoks düşərgələrinin keçirildiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Gənclərimiz və uşaqlarımız sosial medianın qaranlıq tunellərində itdiyi bir vaxtda biz sakit qala bilmərik” sözlərini xatırladan Göktaş bildirib:
“Hazırda uşaqların sosial mediadan istifadəsi üçün ölkəmizə xas bir model hazırlayırıq. Məqsədimiz uşaqlarımızın rəqəmsal dünyada təhlükəsiz, məsuliyyətli və öz dəyərlərinə sadiq şəkildə var ola bilmələrini təmin etməkdir”.
Tərcümə etdi: Asiya Zeynallı
