Kakao qiymətləri artdıqca şokolad istehsalçıları yeni alternativlər axtarır. Böyük Britaniyadakı bəzi brendlər artıq şokolad əvəzinə düyü və dənli bitkilərdən hazırlanmış qarışıqlardan istifadə edirlər. Mütəxəssislər bu metodun ətraf mühit üçün perspektivli olduğunu, lakin onun sağlamlıq üçün nəticələrinin hələ də qeyri-müəyyən olduğunu bildirirlər.
Düyü adətən desertlər və ya şirniyyatlarla əlaqələndirilmir. Lakin kakaonun qiymətinin daim artması səbəbindən şokolad istehsalçıları artıq kakao əvəzinə düyüdən istifadə edirlər.
Kakao qiymətlərinin artması sənayedə dəyişikliklərə səbəb olub. Bəzi brendlər məhsullarını rəflərdə saxlamaq üçün düyü əsaslı şəkərlə “şokolad ətirli” alternativlərdən istifadə etməyə başlayıblar.
Böyük Britaniyada McVitie's Penguin və Club barları, KitKat White və McVitie's White Digestives artıq kifayət qədər kakao ehtiva etmədiyi üçün şokolad kimi satılmır.
İqlim böhranı və meşələrin qırılması kakao istehsalını getdikcə qeyri-sabit hala gətirib. Bu arada, qlobal şokolad tələbatı artır və bu da təchizat zəncirlərinə artan təzyiq göstərir.
Kakao qiymətləri son üç ildə dörd dəfədən çox artıb. Kakaosuz şokolad istehsalçısı olan Win-Win şirkətinin baş direktoru Mark Qolder deyib: “Bu gün şokoladdan istifadə edən hər bir şirkət böhran içindədir. Bəzi kiçik müəssisələr üçün bu fərq davam etmək və ya bağlanmaq deməkdir”.
Qolderin şirkəti əsl şokoladın dadını və teksturasını təqlid edən alternativlər istehsal etmək üçün ənənəvi kakao paxlası əvəzinə düyü də daxil olmaqla fermentləşdirilmiş dənli və paxlalı bitkilərdən istifadə edir.
“Biz fermentləşdirilmiş düyü əsasını karob, yağlar və şəkərlərlə qarışdırırıq. Sonra klassik şokolad istehsal prosesini izləyirik. Nəticədə, əldə edilən məhsul görünüşünə və ərimə tərzinə görə əsl şokolada bənzəyir” - deyə o bildirib.
Qolder deyir ki, son 18 ayda şokolad alternativlərinə maraq sürətlə artıb və onlara Avropanın hər yerindən davamlı tələbat mövcuddur.
Eynilə, İsveçrə şirkəti Barry Callebaut, Sürix Tətbiqi Elmlər Universiteti ilə birlikdə laboratoriyada kakao hüceyrələri yetişdirərək “hüceyrə mədəniyyətli” şokolad istehsal etmək üzərində çalışır.
Almaniyada yerləşən Planet A Foods şirkəti ChoViva brendi altında yulaf və günəbaxan toxumlarını qovuraraq və fermentləşdirərək kakaosuz şokolad istehsal edir.
Britaniyalı dietoloq professor Tim Spektor deyir ki, bu cür təşəbbüslər ətraf mühit üçün ümidverici olsa da, eyni sağlamlıq faydalarını təklif edib-etməyəcəyi hələ məlum deyil. O, ən az ekoloji zərərli variantın hələ də yüksək keyfiyyətli tünd şokolad olduğuna inanır.
https://share.google/0945Di6EBWSYzDTe3
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
