ABŞ prezidenti Donald Tramp Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.
Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərlər daxil olmaqla beş günlük Asiya səfəri üçün Ağ Evdən ayrılarkən jurnalistlərə müsahibəsində Tramp Şimali Koreya ilə potensial sammitə açıq olduğunu vurğulayıb: "Əgər Kim görüşmək istəsə, mən buna açığam".
Şimali Koreyanın çox sayda nüvə silahına sahib olduğunu iddia edən Tramp: "Onların nə qədər nüvə silahı olduğunu bilirəm. Onlar haqqında hər şeyi bilirəm. Kim Çen Inla çox yaxşı münasibətimiz var idi,"-deyib. Tramp avqust ayında Ağ Evdə qonaq etdiyi Cənubi Koreya prezidenti Li Jae Myung ilə görüş zamanı Kim ilə yenidən görüşmək istəyini ifadə edib.
Kim və Tramp 2018 və 2019-cu illərdə üç dəfə görüşüb. Bu görüşlər Sinqapurda, Vyetnamda və Cənubi və Şimali Koreyanın sərhədində yerləşən Panmunjom kəndində baş tutub.
Mənbə: Habertürk
Tərcümə etdi: Banuçiçək Qurbanova
