Köpəkbalığının hücumundan ölmə ehtimalı cəmi 3,7 milyonda birdir, lakin insanlar bu yırtıcılardan o qədər qorxurlar ki, onlar haqqında saysız-hesabsız miflər uydurublar. Məsələn, bir çoxları düşünür ki, köpəkbalıqları qurbanlarının qanının bir damlasını belə kilometrlərlə uzaqdan hiss edə bilirlər.
Əslində, köpəkbalıqlarının iybilmə qabiliyyəti çox inkişaf edib, amma onların imkanları çox vaxt şişirdilir. Bəzi növlər qanı 400 metrə qədər məsafədən hiss edə bilir, lakin bu, dərhal baş vermir və mütləq şəkildə köpəkbalığını hücuma sövq etmir.
Köpəkbalığının burnundakı kiçik kisəciklər – suyun qoxu reseptorlarına daxil olmasına imkan verən burun dəlikləridir. Onlar suda olan müxtəlif maddələrin çox az miqdarını belə hiss edə bilirlər. Ancaq qoxu su axını ilə köpəkbalığına çatır və ora yetişməsi üçün müəyyən vaxt lazımdır. Buna görə də əgər okeanda üzərkən qan itirsəniz, sahilə təhlükəsiz şəkildə çatmaq üçün vaxtınız olacaq.
Bununla belə, əgər sahilə çata bilməsəniz belə köpəkbalığının birbaşa sizə doğru üzməsi çox az ehtimaldır. Köpəkbalıqları insan ətini sevmirlər və insan bədənindən ayrılan maddələr onlara maraqlı deyil.
Bəs nə üçün köpəkbalıqları insanlara hücum edirlər? İldə orta hesabla 10 nəfər köpəkbalığı hücumundan ölür. Dəniz aslanları və suitilərlə qidalanan növlər insanı dadını bilmək üçün dişlə bilir. Təəssüf ki, bu “yoxlama dişləməsi” ölümcül ola bilər.
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
