İspaniyada Pablo Pikassonun “Gitara ilə natürmort” adlı əsərinin itməsi ilə bağlı qalmaqal gözlənilməz sonluqla bitib.
Madriddən Qranadaya sərgi üçün göndərilən 1919-cu il tarixli, 600 min avro dəyərindəki əsərin əslində heç vaxt yerdəyişmə etmədiyi məlum olub.
Policía Nacional oktyabrın 3-də əsərin daşındığı furqonla əlaqə kəsildikdən sonra araşdırmaya başlamışdı. CajaGranada fondu bildirir ki, qablaşdırma zamanı bəzi əsərlər düzgün nömrələnmədiyindən yoxlama tam aparıla bilməyib. Sərgi otağında açılış zamanı Pikassonun əsərinin çatışmadığı müəyyən edilib.
Bir həftəlik axtarışdan sonra polis rəsm əsərinin tapıldığını və ehtimal ki, heç vaxt mikroavtobusda olmadığını açıqlayıb. Əsər indi ekspertiza altındadır və planlaşdırıldığı kimi “Natürmort: İnertliyin Əbədiliyi” sərgisində nümayiş etdiriləcək.
Pikassonun əsərləri əvvəllər dəfələrlə oğurluq hadisələrinin hədəfi olub — o cümlədən 2007 və 1989-cu illərdə Paris və Fransa Rivierasındakı evlərdən milyonlarla avroluq tablolar oğurlanmışdı.
Mənbə: theguardian.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
