Danimarkanın Aalborg zooparkı paylaşdığı elanla həm maraq, həm də qalmaqal yaradıb. Zoopark insanlardan artıq və istənilməyən ev heyvanlarını bağışlamağı xahiş edib, amma saxlamaq üçün yox, yırtıcılara yem kimi.
Facebook paylaşımında qeyd olunub ki, toyuqlar, dovşanlar, dəniz donuzları və atlar yırtıcı heyvanların, xüsusilə də, Avropa vaşağının əsas qidasını təşkil edir.
Zooparkın rəhbərliyi bildirib ki, itlər və pişiklər bu proqramdan istisna edilir. Onların məqsədi yalnız artıq saxlanılan və ya ixtisar edilməli olan heyvanları təbii yolla dəyərləndirməkdir. Lakin paylaşım qısa müddətdə sosial şəbəkələrdə mübahisəyə səbəb olub. Bir tərəf bunu qəddar və yolverilməz adlandırıb, digər tərəf isə zooparkın praktik və təbiətə uyğun yanaşmasını müdafiə edib.
Zooparkın direktor müavini Pia Nielsen isə açıqlamasında deyib: “Yırtıcı heyvanları saxlamaq üçün onlara mümkün qədər təbii qida vermək vacibdir – tüklü, sümüklü və orqanlı ətlər. Bu onların sağlamlığı və davranışı üçün ən doğru yoldur.”
Beləliklə, zooparkın “adi” kimi görünən elanının arxasında təbii balansı qorumaq məqsədi dayanır, amma cəmiyyətin reaksiyası göstərir ki, bu məsələ hələ uzun müddət müzakirə olunacaq.
Mənbə: NPR news
Tərcümə etdi: Aydan Xudayarova
