Lionel Messi MLS komandası "Inter Miami" ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb, bu barədə klub cümə axşamı məlumat yayıb. Bu qərar Argentina əfsanəsinin karyerasını davam etdirməsi fonunda Şimali Amerika liqası üçün böyük stimul olub.
Səkkizqat "Ballon D'Or" sahibi daha əvvəl "Inter Miami"nin onun son klubu olacağını deyib, lakin 38 yaşlı ulduz hələlik karyerasını nə vaxt bitirəcəyi ilə bağlı heç bir ipucu verməyib və bildirib ki, yaş onun üçün əsas faktor deyil.
2022 Dünya Kubokunun qalibi bu mövsüm MLS-də 29 qolla bombardir olub və "Inter Miami" Şərq Konfransında mövsümü üçüncü pillədə başa vurub. Komanda cümə günü başlayacaq MLS Kuboku pley-offunun ilk mərhələsində "Nashville SC" ilə qarşılaşacaq.
Messi 2023-cü ildə "Inter Miami"yə keçdikdən sonra Şimali Amerikada futbola marağı yenidən canlandırıb. Bu, xüsusilə gələn il Kanada, Meksika və ABŞ-da keçiriləcək Dünya Kuboku öncəsi mühüm məqam sayılır.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
