Türkiyədə ürək və damar cərrahiyyəsində süni intellektdən istifadə əməliyyatların gedişini xeyli asanlaşdırıb. Həkimlər artıq əməliyyatdan bir neçə gün əvvəl istifadə olunacaq texnikanı müəyyənləşdirə və əməliyyat bölgəsini dəqiq şəkildə qiymətləndirə bilirlər.

Türkiyə Səhiyyə İnstitutları rəhbəri Prof. Ümit Kervanın sözlərinə görə, süni intellekt və üçölçülü görüntüləmə üsulları sayəsində cərrahlar əməliyyat zamanı deyil, əvvəlcədən qərar verir, bu da əməliyyat müddətini azaldır və fəsad riskini minimuma endirir. Yeni proqramlar vasitəsilə xəstələrin əməliyyatdan sonrakı müalicəsi artıq evdən izlənilə bilir. Prof. Kervan bildirib ki, süni intellekt texnologiyası həm xəta ehtimalını azaldır, həm də həkimlərə daha dəqiq qərar verməyə kömək edir. Onun sözlərinə görə, Türkiyə artıq bu sahədə təkcə texnologiyanı istifadə edən deyil, həm də istehsal edən bir səhiyyə sisteminə çevrilir.
Mənbə: TRT HABER
Tərcümə etdi: Fidan Mənsimova
