Amerikalıların gündəlik danışığında geniş istifadə olunan “dude” sözü çoxlarına 1980-90-cı illərin Kaliforniya surfer və skater mədəniyyətini xatırladır. Lakin bu ifadənin tarixi bundan xeyli əvvələ-19-cu əsrin sonlarına gedib çıxır.

Missuri Texnologiya Universitetinin professoru Cerald Koen və həmkarları “dude” sözünün mənşəyini araşdıraraq müəyyən ediblər ki, bu söz ilk dəfə 1880-ci illərdə Nyu-Yorkda meydana gəlib. O dövrdə şəhərdəki gənc kişilər dəbdəbəli və “ingilisvari” geyim tərzinə üstünlük veriblər. Cəmiyyət bu gəncləri bir qədər süni və özünü bəyənmiş sayıb, buna görə də onlar “dude” adlandırılmağa başlayilar.
1883-cü ildə Nyu-Yorkda “The Dude” adlı bir şeir dərc olunandan sonra bu termin sürətlə məşhurlaşib. Hətta şəhərdə “dude pikniki” adlı tədbir belə keçirilib.
Bir müddət sonra Qərbə səyahət edən varlı şəxslərin kovboy kimi geyinərək tətil keçirməsi “dude ranch” (qonaq kovboy ferması) anlayışını yaradıb.
20-ci əsrin ortalarında isə söz Afrika və Meksika mənşəli amerikalılar arasında yayılaraq dostluq və həmrəylik simvoluna çevrilib. Daha sonra Kaliforniyada surfer və skaterlər bu sözü “rahat, sərin, özünə güvənən insan” mənasında istifadə etməyə başlayıblar.
Müasir dövrdə “dude” artıq cins fərqindən asılı olmayaraq işlədilir və dostluq, yaxınlıq ifadə edən gündəlik bir söz kimi qalmaqdadır.
Dilçilərin sözlərinə görə, “bro” kimi yeni ifadələr yaransa da, “dude” hələ də öz populyarlığını qoruyur.
Mənbə: NPR news
Tərcümə etdi: Aydan Xudayarova
