Antarktidada dörd növ pinqvin yaşayır: imperator, subantarktik, antarktik və adeli pinqvinləri. Onların heç biri okeanın soyuq sularında donmur. Bəs bu necə mümkündür?

İmperator pinqvinlər Yer üzündəki ən dözümlü heyvanlardandır. Onlar 500 metr dərinliyə qədər dalaraq həm yüksək təzyiqə, həm də –1,8 °C temperaturdakı soyuq suya tab gətirə bilirlər. Lakin ən maraqlı hadisələr suda deyil, quruda baş verir.
Balalar yazda yumurtadan çıxır ki, ilk dəfə su ilə yayda tanış olsunlar. Cütləşmə mövsümü apreldə başlayır: may–iyun aylarında dişilər yumurta qoyur və yem axtarmağa gedirlər. Bu vaxt ərzində, təxminən dörd ay müddətində, yumurtaları erkəklər inkubasiya edir. Onlar yemək yemir və bədən çəkilərinin 40%-ni itirirlər.
Qışda temperatur –50 °C-yə qədər enir, küləyin sürəti isə 200 km/saat ola bilər. Sağ qalmaq üçün erkəklər bir yerə toplaşaraq 5000-ə qədər quşdan ibarət böyük qruplar əmələ gətirirlər. Onlar bir-birinə sıx dayanaraq isinirlər və növbə ilə qrupun kənarında duraraq içəridəkiləri soyuqdan qoruyurlar.
Pinqvinləri xilas edən, dördqatlı sıx lələk örtüyü və qalın yağ təbəqəsidir. Kiçik dimdik, qısaldılmış qanadlar və ayaqlar bədənin istilik itirməsini azaldır. Hətta burun yollarındakı qan damarları belə nəfəs alarkən itirilən istiliyi geri qaytarmağa kömək edir.
İmperator pinqvinlər Antarktida həyatına mükəmməl uyğunlaşıblar, lakin iqlim dəyişikliyi onlara təhlükə yaradır. Buzların əriməsi bu inanılmaz quşların çoxalma yerlərini məhv edə bilər.
Mənbə: techinsider.ru
Tərcümə etdi: Aysel Mehtizadə
