Bu gün:

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi açılıb


“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı keçirilib.


24media.az "APA"-ya istinadən xəbər verir ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur.


Tədbir “Azərbaycan Dəmir Yolları”nın 145 illik yubileyinə həsr olunmuş “Üç əsrin yaddaşı” adlı qısa filmin nümayişi ilə başlayıb.


Açılış mərasimində çıxış edən “Balakhani Operating Company”nin prezidenti Rövşən Rzayev dəmir yolları və neft sahəsinin hər zaman Azərbaycanın iqtisadi inkişafının aparıcı qüvvələrindən olduğunu bildirib. O həmçinin qeyd edib ki, hazırda da neftçilərin qatarla gündəlik səfərə üstünklük verdiyini vurğulayıb.


ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov ADY-nin tarixində neftin mühüm rolundan və dəmir yollarının sənayenin etibarlı tərəfdaşına çevrilməsi barəsində çıxış edib:


“Neft Azərbaycan dəmir yollarını saldı, Dəmir Yolları isə Azərbaycan neftinin daşınmasında, dünyaya çatdırmadında xüsusi rolu olub. Bu sərgi sadəcə dəmir yollarının neftlə bağlantısını göstərmir, həm də bütün tarixin vizual hekayəsidir”.


Debutat Vüqar Rəhimzadə isə çıxışında ölkəmizin iqtisadi inkişafında dəmir yollarının önəmindən danışıb:


“145 il ərzində Azərbaycan Dəmir Yolları kifayət qədər strateji quruma çevrilib və bu gün də öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməyi bacarır”.


Fotolar 10 gün müddətində Dəmiryol Muzeyində nümayiş etdirildikdən sonra sərgi işini növbəti 10 gündə Sabunçu Dəmiryol Vağzalında davam etdirəcək.

Turqut Ansari

Paylaş
Şərh əlavə et