Nikolas Sarkozy Fransa tarixində həbsxanaya düşən ilk keçmiş prezident olub. O, seçki kampaniyasını Müəmmər Qəddafinin pulu ilə maliyyələşdirmək konspirasiyasında ittiham olunaraq 5 illik həbs cəzasına məhkum edilib.
Sarkozy Parisin Montparnasse rayonunda yerləşən, 19-cu əsrdən qalan və həddindən artıq sıx olması ilə tanınan La Santé həbsxanasına gətirilib. Onun maşını həbsxananın girişinə yaxınlaşdıqda onlarca polis işçisi ətraf küçələri bağlayıb.
Nikolas Sarkozy həbsxanaya getməzdən əvvəl Parisin 16-cı rayonunda yerləşən villasını tərk edərkən 100-dən çox tərəfdarı onu alqışlayaraq "Nicolas!" səsləri ilə qarşılayıb.
Sarkozy X (keçmiş Twitter) hesabından yaydığı mesajında günahsız olduğunu iddia edərək yazıb: "Mənim heç bir şübhəm yoxdur. Həqiqət qalib gələcək. Amma bunun bahası nə qədər ağır olacaq." O həmçinin bildirdi: "Sarsılmaz güclə deyirəm ki, bu səhər onlar keçmiş prezidenti həbs etmir, onlar günahsız bir adamı həbs edir".
Onun hüquq müdafiəçisi Kristof İngrein Sarkozinin həbsxanaya daxil olmasından dərhal sonra onun azadlığa buraxılması üçün müraciət edildiyini açıqlayıb. İngrein onun həbs olunmasını əsaslandıran heç bir şey olmadığını vurğulayıb.
Sarkozy La Santé həbsxanasında xüsusi davranış istəmədiyini bildirsə də, digər məhbusların tanınmış narkotik dilerləri və ya terror cinayətlərindən məhkum olan şəxslər olması səbəbi ilə öz təhlükəsizliyi üçün təcrid qanadında yerləşdirilib.
Keçmiş prezidentin 28 yaşlı oğlu Lui tərəfdarlarından dəstək göstərmələrini istəyib, digər oğlu Pyer isə sevgi mesajı verməyə çağırıb: "Zəhmət olmasa, başqa heç nə yox, yalnız sevgi".
İkinci Dünya Müharibəsində nasistlərlə əməkdaşlıq etdiyinə görə xəyanətdən məhkum olan Filip Petenin 1945-ci ildə həbs olunmasından bəri heç bir Fransa keçmiş rəhbəri həbsxanaya düşməyib.
Sarkozy 2007-2012-ci illərdə Fransa prezidenti vəzifəsində çalışıb. O, həbs cəzasına qarşı apellyasiya şikayəti verib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
