Yol-nəqliyyat qəzası nəticəsində əlil qalan və 23 yaşından sonra başladığı S10 kateqoriyalı paraüzgüçülükdə dünya çempionluğuna yüksələn milli idmançı Dəfnə Kurt qazandığı uğurlarla əlil insanların həyatın hər sahəsində yer ala biləcəyini sübut edib.
Sinqapurda keçirilən Dünya Paraüzgüçülük Çempionatında 5 qızıl medal qazanan Kurt, Anadolu Agentliyinə açıqlamasında əldə etdiyi nailiyyətlər, qarşılaşdığı çətinliklər və əlil şəxslərin idman vasitəsilə həyata bağlanmasının vacibliyindən danışıb.
Dəfnə Kurt su ilə ilk dəfə 1 yaşında atasının onu suya atması ilə tanış olduğunu, üzgüçülüyə isə 9 yaşında başladığını bildirib. O, sağlam bir fərd kimi uzun illər üzgüçülüklə məşğul olduğunu və 12–13 yaşlarında milli komanda səviyyəsinə qədər yüksəldiyini qeyd edib.
Lakin universitet illərindəki gərginlik səbəbindən idmandan uzaqlaşdığını deyən Kurt, 2023-cü ildə keçirdiyi yol qəzasından sonra üzgüçülüyə qayıda bilməyəcəyini düşündüyünü vurğulayıb: “20 yaşıma qədər üzgüçülüyü həyatımın mərkəzində saxlayırdım. Lakin universitet gərginliyi və uzun illər davam edən məşqlərin yaratdığı fiziki-psixoloji yorğunluq səbəbindən fasilə vermişdim. Elə həmin dövrdə qəza keçirdim və bir daha professional üzgüçü ola biləcəyimə inanmırdım".
Bütün çətinliklərə baxmayaraq, Dəfnə Kurt yenidən idmana qayıdaraq böyük uğurlar əldə edib və bu gün həm əlil, həm də sağlam insanlara ilham mənbəyi hesab olunur.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
