Bu gün:

Amazon Web Services-də (AWS) qlobal kəsinti


Amazon Web Services (AWS)-də baş verən genişmiqyaslı texniki nasazlıq nəticəsində Snapchat, Roblox, Canva, Fortnite, PlayStation, Coinbase kimi bir çox populyar platformalarda ciddi giriş problemləri yaşanır.



Bəzi istifadəçilər Google xidmətlərinə də müəyyən bölgələrdə daxil ola bilmədiklərini bildiriblər.

Məlumata görə, problem Amazon Web Services (AWS)-in bulud xidmətlərində yaranan qlobal kəsintidən qaynaqlanır. Şirkət rəsmi açıqlamasında: “Birdən çox AWS xidmətində artan xəta dərəcələri və gecikmələr müşahidə olunur”- deyə bildirib.

AWS-dan rəsmi bəyanat

AWS tərəfindən yayılan açıqlamada deyilir: “ABŞ-Şərqi-1 (US-EAST-1) bölgəsində DynamoDB son nöqtəsinə edilən sorğularda əhəmiyyətli xəta dərəcələri qeydə alınıb. Bu problem eyni bölgədəki digər AWS xidmətlərinə də təsir edir. Mühəndislər problemi azaltmaq və kök səbəbini müəyyənləşdirmək üçün dərhal müdaxilə ediblər".

Amazon, Türkiyə vaxtı ilə saat 10:11-də (GMT+3) verdiyi açıqlamada, 30–45 dəqiqə ərzində vəziyyətlə bağlı yeni yeniləmə paylaşacağını bildirib.

Təsirlənən platformalar

Hadisədən təsirlənən saytlar arasında bunlar da yer alır: Snapchat, Ring, Roblox, Clash Royale, Life360, My Fitness Pal, Xero, Canva, Amazon, Amazon Music, Prime Video, Clash of Clans, Fortnite, Wordle, Duolingo, Coinbase, HMRC, Vodafone, PlayStation, Pokémon Go.

AWS nədir?

Amazon Web Services (AWS) — dünyanın ən geniş yayılmış bulud platformalarından biridir. O, məlumat mərkəzləri vasitəsilə 200-dən çox tam funksiyalı xidmət təqdim edir və qlobal səviyyədə milyonlarla şirkətə texnoloji dəstək verir.

Mütəxəssislər qeyd edirlər ki, AWS-də yaranan hər hansı nasazlıq dünyanın bir çox nəhəng şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər.

Qeyd edək ki, Amazon bu xidmət vasitəsilə illik 108 milyard dollardan çox gəlir əldə edir.

 https://share.google/R0Y2NZcnqBCqQcI5y

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et