Fərqli canlılar dünyanı müxtəlif cür görürlər.
İnsanlar dünyanı çox rəngarəng, parlaq və canlı şəkildə qavrayırlar — biz milyonlarla rəng çalarını ayırd edə bilirik.

Pişiklər üçün dünya bir qədər darıxdırıcı görünür. Onlar bənövşəyi və sarı rəngləri yaxşı seçə bilmirlər. Ən yaxşı gördükləri rənglər yaşıl, mavi və boz tonlardır. Buna görə də dünya pişiklərin gözündə mavi-boz bir kölgəyə bürünür. Lakin pişiklər qaranlıqda mükəmməl görürlər və çox geniş baxış bucağına malikdirlər — təxminən 200 dərəcə. Müqayisə üçün, insanlarda bu bucaq təxminən 180 dərəcədir.
İtlərdə görmə qabiliyyəti fərqlidir. Onlar, əsasən, boz çalarları yaxşı ayırd edirlər, lakin qırmızı ilə yaşılı fərqləndirə bilmirlər.
Quşlar isə əksinə, insanlardan da daha rəngarəng dünyanı görürlər, onların gözləri daha çox rəng dalğasına həssasdır.
Balinalar yalnız qara və ağ rəngləri görürlər. Onlar üçün əsas qavrayış orqanı görmə deyil, çox inkişaf etmiş eşitmə qabiliyyətidir.
Arılar qırmızı rəngi görmürlər, amma insanlar üçün görünməyən ultrabənövşəyi işığı görə bilirlər. Bu sayədə arılar çiçəklərdəki poleni asanlıqla tapırlar. Ultrabənövşəyi işığı yalnız arılar deyil, bəzi böcəklər, gəmiricilər və digər canlılar da görə bilir.
Nəhəng kalmar haqqında eşitmisinizmi? Bu, uzunluğu səkkiz metrə çatan dünyanın ən böyük molyuskasıdır. Onun gözləri futbol topu qədər böyükdür. Bu sayədə suyun altında 120 metrə qədər məsafəni görə bilir. Beləcə, özünün ən qorxulu düşməni olan balinadan vaxtında uzaqlaşa bilir.
Yeri gəlmişkən, görmək üçün hər zaman gözlər lazım deyil. Delfinlər və yarasalar ətrafdakı obyektləri səs dalğalarının köməyi ilə “görürlər”. Bu üsula ekolokasiya deyilir. Onlar insan qulağının eşidə bilmədiyi ultrasəs dalğaları yayırlar. Bu dalğalar əşyalara dəyib geri qayıdır və heyvan bu məlumatla ətrafındakı cisimlərin formasını, ölçüsünü və məsafəsini müəyyən edir.
Mənbə: наука.рф
Tərcümə etdi: Aysel Mehtizadə
