Bu gün:

Delfinlərin ən ağıllı heyvanlar olduğu doğrudurmu?


Delfinlərin planetin ən ağıllı canlıları olduğu deyilir. Bəziləri hətta onların insanlardan da ağıllı olduğuna inanırlar. Bəs niyə delfinlər bu qədər ağıllı hesab olunurlar? Delfinin beyni həqiqətən böyükdür — təxminən 1700 qram, insan beyni isə yalnız 1400 qramdır. Ancaq beyin ölçüsü hələ delfinlərin zehni qabiliyyətlərindən xəbər vermir. Ola bilər ki, delfinlər ağıllı düşüncələr üçün deyil, məsələn, okeanda yaxşı istiqamət tapmaq üçün — naviqasiya qabiliyyəti səbəbindən — böyük beyinə malikdirlər.

Delfinlərin ağıllı olduğuna dair başqa bir sübut onların öz dillərinə malik olmalarıdır. Delfinlər burunları ilə çıxardıqları müxtəlif səslər vasitəsilə bir-biri ilə ünsiyyət qururlar. Bəzi tədqiqatçılar hesab edirlər ki, delfinlərin öz adları, sözləri, ifadələri, hətta ləhcələri belə var.

Delfinlər asanlıqla öyrədilir və insan əmrlərini başa düşürlər. Bu, onların ən ağıllı heyvan olduqlarını göstərirmi? Əslində yox. Bəzi itlər minə yaxın insan sözünü ayırd edə bilir, delfinlər isə ən yaxşı halda bir neçə sözü başa düşürlər. Bəzi alimlər hesab edirlər ki, delfinlər təkcə sözləri deyil, bütün cümlələri də başa düşə bilirlər, amma bu, hələ tam sübut olunmayıb. Ümumilikdə, delfinlər haqqında hələ çox şey bilmirik.

Delfinlər, əksər heyvanlardan fərqli olaraq, işarə və jestləri başa düşə bilirlər. Məsələn, şimpanze göstərilən yeməyə deyil, insanın barmağına baxacaq, amma delfin barmağın göstərdiyi istiqamətə diqqət yetirəcək. Ancaq bu qabiliyyəti itlərə də öyrətmək mümkündür.

Delfinlərin çox emosional heyvanlar olduğu da məlumdur. Onlar empati, kədər və sevinc hisslərini göstərə bilirlər. Hindistanda delfinlər hətta şəxsiyyət kimi tanınıb və delfinariyalar qadağan edilib.

Beləliklə, delfinlər həqiqətən çox ağıllıdırlar, lakin bütün digər heyvanlardan daha ağıllı olub-olmadıqları dəqiq məlum deyil. Bunu anlamaq üçün onlar haqqında hələ çox tədqiqat aparmaq lazımdır.

Mənbə: наука.рф
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et