Bu gün:

Xınalıq Ümumdünya Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” seçilib


Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşü keçirilib. 24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcək.

Mərasimdə BMT-nin Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

Qeyd edək ki, BMT-nin Turizm Təşkilatının həyata keçirdiyi nüfuzlu “Best tourism villages” (“Ən yaxşı turizm kəndləri”) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən yaxşı turizm kəndi” statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

Turqut Ansari

Paylaş
Şərh əlavə et