Bu gün Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru Prof. Dr. Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb.

Görüşdə rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq sahəsində atdığı uğurlu addımlardan, universitetdə innovasiya yönümlü tədris mühitinin formalaşdırılmasından və sənaye ilə əlaqələrin genişləndirilməsinə dair prioritetlərdən danışıb. Rektor qeyd edib ki, MDU ilə OSTİM arasındakı anlaşma universitetin tədris və tədqiqat fəaliyyətlərini real istehsalat və texnologiya mühitinə daha da yaxınlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. O bu əməkdaşlığın Azərbaycan və Türkiyənin ali təhsil sistemləri arasında bilik və texnologiya mübadiləsinin güclənməsinə, sənaye yönümlü tədris modelinin inkişafına və gələcək nəsil mütəxəssislərin praktiki bacarıqlarla yetişdirilməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Anar Eminov MDU-nun OSTİM-də mövcud olan 6000-dən çox sənaye müəssisəsindən yararlanma imkanlarının, həmçinin birgə laboratoriya qurulmasının əhəmiyyətini vurğulayıb: “Qardaş Türkiyə Cümhuriyyətində sənaye ilə iç-içə olan OSTİM Texnik Universiteti ilə bu gün imzaladığımız anlaşma sənaye şəhərimiz olan Mingəçevir üçün mühüm əhəmiyyət kəsb edir”.
M. Yülek OSTİM-in “Sənaye içində universitet” konsepsiyasından danışaraq bu modelin MDU ilə birgə həyata keçiriləcək layihələrdə səmərəli şəkildə tətbiq ediləcəyinə inamını ifadə edib. O, MDU-nun mühəndislik, tətbiqi elmlər və innovasiya sahəsindəki inkişaf potensialını yüksək qiymətləndirib və tərəfdaşlığın hər iki universitet üçün yeni imkanlar açacağını vurğulayıb.
Görüşdən sonra iki universitet arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
İmzalanan Anlaşma Memorandumunun əsas məqsədi iki universitet arasında tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığını inkişaf etdirmək, birgə layihələrin və akademik proqramların həyata keçirilməsini təmin etməkdir. Memorandum çərçivəsində tərəflər tətbiqi elmlər və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılmasını, texnoparklar və innovasiya mərkəzləri arasında ortaq platformaların qurulmasını, startap və sahibkarlıq təlimlərinin təşkilini, ikili və birgə diplom proqramlarının, mübadilə və yay təcrübə proqramlarının, “Universitet–Sənaye” modelinin MDU-da tətbiqini, həmçinin birgə konfranslar və seminarların təşkilini planlaşdırırlar.

Daha sonra nümayəndə heyəti OSTİM Texniki Universitetinin kampusu ilə yaxından tanış olub. MDU nümayəndələri universitetin müasir auditoriyaları, laboratoriyaları, tədqiqat mərkəzləri və sənaye müəssisələri ilə inteqrasiya olunmuş infrastrukturunu yüksək qiymətləndiriblər.
Həvva Cəbrayılova
