Bu gün:

MDU tələbələri "Turizm və hotelçilik" ixtisası üzrə ikili diplom əldə edəcəklər – Anlaşma Memorandumu imzalanıb


Bu gün Mingəçevir Dövlət Universiteti (MDU) ilə Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında Anlaşma Memorandumu  imzalanıb.

Memorandum MDU-nun rektoru Anar Eminov və AHBVU-nun rektoru Mehmet Naci Bostancı tərəfindən imzalanıb. Belə ki, Türkiyədə olan MDU rektoru Anar Eminov və rəhbərlik etdiyi nümayəndə heyəti ilə adıçəkilən universitetdə görüş keçirilib.


Rektor Mehmet Bacı Bostancı MDU-nun nümayəndə heyətini universitetdə görməkdən məmnunluğunu ifadə edib və imzalanan Memorandumun iki qardaş ölkə arasında təhsil əlaqələrinin inkişafında xüsusi rol oynayacağına əminliyini qeyd edib.

Rektor Anar Eminov da öz növbəsində bu səfərin ikitərəfli əməkdaşlıq baxımından önəmli olduğunu, ölkələrimiz arasında qardaşlıq və intellektual körpü rolu oynadığını vurğulayıb. Rektor MDU-nun beynəlxalq əlaqələr strategiyasında Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O,  AHBVU ilə əməkdaşlığın   perspektivlərini, o cümlədən, Memorandumun elm və təhsil sahəsində verəcəyi töhfələri müzakirə edib.

Qeyd edək ki,  Memoranduma əsasən, Magistratura səviyyəsi üzrə “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramı icra ediləcək. Tərəflər akademik və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq tədqiqat layihələrinin, müəllim və tələbə mübadilələrinin, konfransların, seminar və simpoziumların təşkili, elmi nəşrlərin hazırlanması kimi fəaliyyətləri həyata keçirəcəklər. Tədris proqramlarının və fənn sillabuslarının uyğunlaşdırılması, sertifikat proqramlarının təşkili, laboratoriyalardan və elmi avadanlıqlardan birgə istifadə imkanlarının yaradılması, innovasiya, startap və sahibkarlıq yönümlü layihələrdə tələbə və məzunların iştirakı, inkubasiya və texnologiya transferi mərkəzlərinin əməkdaşlığının dəstəklənməsi də nəzərdə tutulur.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et