Bu gün:

Moral polisliyə qarşı çıxan və gözəllik yarışmasını qazanan hindistanlı qadın


Hindistanın Uttarakhand ştatından olan 23 yaşlı Muskan Şarma, geyiminə görə onu təhqir etməyə çalışan kişilərə qarşı çıxıb və ardınca “Miss Rishikesh 2025” titulunu qazanıb.

Yarışmadan bir gün əvvəl yayılan videoda bir hindu təşkilatının rəhbəri Rağavendra Bhatnagar onun və digər iştirakçıların “Qərb geyimləri” geyinməsini “mədəniyyətə zidd” adlandıraraq onları tənqid edir, lakin Muskan ona cəsarətlə cavab verir:

“Əgər mağazalarda bu paltarlar satılırsa, niyə onları bağlamırsınız? Siqaret və içki satan yerləri bağlayın, sonra mən də bu paltarı geyinmərəm".

O, qadınların da seçim haqqı olduğunu vurğulayır və bu mövqeyi ilə sosial mediada böyük dəstək qazanıb.

Hadisədən bir gün sonra yarışma planlaşdırıldığı kimi keçirilir və Muskan qalib gəlir. O deyir:

“Bu, ikiqat qələbə idi. Həm özüm üçün dayandım, həm də tac qazandım. Kiçik bir yarışma olsa da, özümü Miss Universe kimi hiss etdim".

Muskan bildirir ki, Rishikesh şəhərində turistlər Qərb geyimləri geyinir və buna adətən heç kim etiraz etmir. Onun sözlərinə görə, əsas məsələ geyim deyil, qadınların azadlığı və özünü ifadə etmə haqqıdır.

Məqalədə qeyd olunur ki, Hindistanda qadın geyiminə müdaxilə yeni deyil – bəzi bölgələrdə qızların cins şalvar geyinməsi belə qadağan olunur və bu səbəbdən zorakılıq halları da baş verib.

Jurnalist Namita Bhandare yazır ki, “məsələ geyimdə deyil, azadlıqda və qadınların yüksəlmək istəyindədir”.

Muskan isə deyir ki, anası ona doğru olan şey uğrunda dayanmağı öyrədib və bu qələbəni anasına həsr edir:

“Tac mənim qədər anamındır. Əsas məqsədim qadınlara ədalətsizliyə qarşı durmaq üçün ilham verməkdir".

Muskan növbəti hədəfi kimi Miss Uttarakhand, daha sonra isə Miss India yarışmalarında iştirak etməyi planlaşdırır.

  


Mənbə: BBC.news

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et