Bu gün:

Alimlər heyvanların qısqanclığı necə yaşadıqlarını araşdırıbar


ABŞ-nin Berkli Kaliforniya Universitetinin alimləri heyvanların qısqanclığı necə keçirdiklərini müəyyən ediblər. Məlum olub ki, onların reaksiyası insanlarda olduğu kimi ədalətsizlik hissi ilə deyil, yerinə yetirilməmiş gözləntilərlə bağlıdır.

Psixologiyada resursların ədalətsiz bölüşdürülməsinə dözməmək istəyi “bərabərsizliyə nifrət” termini ilə ifadə olunur. Bu hiss uşaqlıqdan özünü göstərə bilər: məsələn, uşaqlar kimsə daha yaxşı hədiyyə alanda qəzəblənə bilirlər. Əvvəllər heyvanlarda da oxşar reaksiyaların olduğuna inanılırdı. Məsələn, kapuçin meymunları başqalarına nisbətən daha az dadlı yemək aldıqda narazılıq göstərirdilər.

Yeni araşdırmada alimlər 23 tədqiqatdan və 60 mindən çox müşahidədən ibarət məlumatları təhlil ediblər. Nəticədə məlum olub ki, heyvanlar haqsızlığa deyil, gözləntiləri reallıqla üst-üstə düşməyəndə məyus olurlar. Əgər əvvəllər onlara üzüm verilirdisə, sonradan bu yemək xiyarla əvəz olunanda, başqaları ilə müqayisə etmədən də narazı qalırdılar.

Alimlərin fikrincə, insanları heyvanlardan fərqləndirən əsas cəhət ədalət hissidir. Bu xüsusiyyət bizə mürəkkəb sosial münasibətlər qurmağa, resursları bölüşməyə və əməkdaşlıq etməyə imkan verib. Heyvanlarda isə bu cür reaksiyalar ədalət anlayışı ilə deyil, vərdiş və gözləntilərlə bağlıdır.

Bu araşdırma göstərir ki, heyvan davranışı bəzən insana bənzəsə də, onun arxasındakı səbəblər tamamilə fərqlidir.

Mənbə: oxu.az 

Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et