24Media.az-ın budəfəki qonağı IELTS müəllimi Fidan Quliyevadır. O, son illərdə azərbaycanlı gənclərin xaricdə təhsil almağa artan marağı və bunun onların inkişafına təsiri ilə bağlı suallarımızı cavablandırıb.
– Son illərdə azərbaycanlı gənclər xaricdə təhsil almağa daha çox maraq göstərir. Sizcə, bu gənclərin təhsil sahəsindəki inkişafına necə təsir göstərir?
Son illərdə azərbaycanlı gənclərin xaricdə təhsilə olan marağı ölkəmiz üçün həm böyük bir fürsət, həm də mühüm bir məsuliyyət yaradıb. Gənclərimizin dünyanın aparıcı universitetlərində təhsil alması onların bilik, təcrübə və dünyagörüşünü genişləndirir. Onlar yeni texnologiyaları, elmi bilikləri və idarəçilik modellərini öyrənərək özlərini inkişaf etdirir və müasir dövrün tələblərinə uyğun peşəkar şəxsiyyət kimi formalaşırlar.
Ən önəmli məqam ondan ibarətdir ki, bu gənclər qazandıqları bilik və təcrübəni vətənə qaytararaq Azərbaycanın inkişafına töhfə verməlidirlər. Xaricdə təhsil almaq yalnız şəxsi uğur deyil, eyni zamanda milli borcdur. Çünki bu gün əldə etdiyimiz hər bir bilik sabah müstəqil Azərbaycanın daha da güclənməsi deməkdir.
Beləliklə, düşünürəm ki, xaricdə təhsil alan gənclərimiz həm öz gələcəklərini, həm də ölkəmizin gələcəyini quracaqlar. Onların vətən sevgisi və milli kimliyi sayəsində Azərbaycan elminin və təhsilin qlobal sahədəki mövqeyi daha da möhkəmlənəcəkdir.
Mina Yadigarlı
