Prezident Rəcəb Tayyib Ərdoğan 110-cu dönəm qaymaqamlar püşkatması mərasimində çıxış edərək, "Bizim insanımız utancaq və qürurludur. Yarasını hər kəsə açıb göstərməz, dərdini hər qarşısına çıxana söyləməz. Xarici görünüş çox vaxt yanıltıcıdır. Gərəkdirsə qapı-qapı gəzib siz onları axtarıb tapacaqsınız" , - deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində 110-cu dönəm qaymaqamlar püşkatması mərasimində danışıb.
Gənc qaymaqam namizədlərinin qüruruna şərik olduqları mərasimi təşkil edən Daxili İşlər Nazirliyinə, Nazir Əli Yerlikayaya və onun komandasına təşəkkürlərini çatdıran Ərdoğan, Dərik Qaymaqamı Şəhid Məhəmməd Fatih Safitürkü və vəzifələrini yerinə yetirərkən şəhidlik mərtəbəsinə yüksələn bütün idarəçiləri rəhmətlə və minnətlə yad edib.
İstiqlal və gələcək üçün vətən və bayraq uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin hamısının qəbirlərinin nur, məkanlarının cənnət, məqamlarının ali olması diləyində olan Ərdoğan bunları qeyd edib:
"Rəbbim, bizə və sizə də əziz şəhid və qazilərimizin əmanətini layiqincə daşımağı nəsib etsin. Fərqli təcrübələr və xarici dil təhsili ilə 46 aylıq namizədlik prosesini uğurla başa vuran siz qiymətli qardaşlarımı ürəkdən təbrik edirəm. Sizin kimi parlaq, ürəyi vətən və millət eşqi ilə dolu, bilikli və şəxsiyyətli övladlar böyüdən valideynlərinizə ehtiramımı bildirirəm. İbtidai məktəbdən universitetə qədər üzərinizdə zəhməti olan müəllimlərinizə hörmətlərimi təqdim edirəm. Son olaraq, namizəd qaymaqamlıq prosesi və qaymaqamlıq kursu boyunca bilik, görgü və təcrübəsi ilə sizə rəhbərlik edən, inkişafınızda rolu olan peşə böyüklərinizə də təbriklərimi çatdırıram".
Mənbə: TRT Haber
Tərcümə etdi: Fəqan Nurullazadə
