Meksikada kəşf edilən 62,5 metr uzunluğunda əqrəb formalı nəhəng kurqan qədim Mesoamerikalıların yay və qış gündönümünü izləmək üçün istifadə etdiyi strukturun bir hissəsi ola bilər.

Yeni araşdırmalara görə, əsrlər əvvəl tikilmiş bu nəhəng "əqrəb kurqan" həm astronomik müşahidələr, həm də kənd təsərrüfatı mərasimləri üçün istifadə edilmiş ola bilər. Arxeoloqlar quruluşun 2014-cü ildə Mexikodan təxminən 260 kilometr cənub-şərqdə yerləşən Tehuacan vadisində tarixdən əvvəlki suvarma sistemlərini araşdırarkən aşkar edildiyini açıqlayıblar.
Quruluşun eramızın 600-1100-cü illəri arasında olan Son Klassik və Erkən Postklassik dövrlərə aid olduğu düşünülür. Tədqiqatçılar əqrəbin “iynəsi” hesab edilən yerdə basdırılmış əsərlər tapıblar. Torpaq və daş qarışığından hazırlanmış strukturun hündürlüyü 80 santimetrə çatır və başı, gövdəsi, sancaqları və quyruğu var.
“Ancient Mesoamerica” jurnalında dərc olunan araşdırmada tədqiqatçılar “Mesoamerikada bu cür məcazi torpaq işləri olduqca nadirdir”- deyiblər. Qrupun rəhbəri, Texas Universitetinin arxeoloqu Ceyms Nili deyib: “Bu kəşf göydə müşahidələrin təkcə elit təbəqəni deyil, həm də adi insanların marağına səbəb olduğunu göstərir”.
12 höyükdən ibarət olan bu sahənin 9 hektarlıq mərasim və ictimai kompleksin bir hissəsi olduğu güman edilir. Tədqiqatçıların fikrinə görə, kompleks, həm astronomik müşahidələr aparmaq, həm də fermerlərə əkin vaxtlarını təyin etmək üçün istifadə edilmiş ola bilər.
Ərazinin hər yerində müxtəlif ölçülü strukturlara rast gəlinsə də, yalnız bu əqrəb formalı quruluş “məcazi tumul” kimi müəyyən edilir. Belə simvolik kurqanların minlərlə nümunəsi Şimali Amerikada mövcud olsa da, Mesoamerikada olduqca nadirdir.
Mezoamerikalılar üçün əqrəb güclü səma tanrısı Tlāhuizcalpantēcuhtli ilə əlaqələndirilirib. Aztek mifologiyasında Veneranı təmsil edən bu tanrı səmanın mühüm simvolu olub.
Tədqiqatçılar əqrəb formalı quruluşun şərq-şimal-şərq istiqamətində düzüldüyünü müəyyən ediblər. Hesablamalara görə, yay gündönümünün səhəri “iynə” nöqtəsindən baxan şəxs günəşin şimal pəncə ucundan çıxdığını görərdi. Bu dövr Mezoamerikalılar üçün yağışlı və əkin mövsümünün başlanğıcını simvolizə edib.
Eynilə, qış gündönümündə, sol pəncə ucundan baxıldığında, günəş batan zaman "iynə" istiqamətində üfüqün altında yox olur. Tədqiqatçılar hesab edirlər ki, bu tənzimləmə həm gündönümünü müəyyən etməyə, həm də Mezoamerikan memarlığında ümumi olan astronomik düzülmələrə uyğunlaşmaya imkan verir.
Tumulusda aparılan qazıntılar zamanı qablar, küplər, boşqab parçaları və yemək üyütmək üçün istifadə edilən üçayaqlı qablar (molkajet) aşkar edilmişdir. Buxur yandırıcısı və mərasim heykəlinin bir parçası da tapılıb.
Professor Neely, suvarma kanalları arasındakı bu mürəkkəb quruluşun Mesoamerikan sivilizasiyasının əvvəllər düşünüldüyündən daha müstəqil və inkişaf etmiş bir ictimai quruluşa sahib olduğunu göstərdiyini ifadə edərək, "Bu tapıntılar o dövrün kəndlilərinin elit nəzarətdən daha azad bir həyat tərzinə sahib olduğunu ortaya qoyur"- deyib.
https://share.google/mLLih0Ch8WuC8db9R
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
