Bu gün:

Barselonanın hücumçusu Levandovski “El Klasiko”nu buraxa bilər


Barselonanın polşalı hücumçusu Robert Levandovski əzələ (hamstring) zədəsi səbəbilə “Real Madrid”lə qarşılaşacaq “El Klasiko” oyununda iştirak etməyə bilər.

Levandovski Polşanın Litvanya üzərində 2:0 hesabı ilə qalib gəldiyi Dünya çempionatı seçmə mərhələsi oyununda qol vurduqdan sonra zədə alıb. 37 yaşlı futbolçu bu həftə sonu keçiriləcək “Girona” ilə La Liqa matçında da meydana çıxmayacaq.

Kataloniya klubu qarşıdan gələn Çempionlar Liqası oyununda “Olimpiakos”la qarşılaşacaq, ardınca isə oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda “Real Madrid”lə “El Klasiko”da üz-üzə gələcək.

“Barselona” rəsmi açıqlamasında bildirib ki, Levandovski sol bud əzələsində zədələnmə keçirib. Klub futbolçunun bərpa müddətinin zədənin gedişatına görə müəyyən olunacağını açıqlayıb. İspaniya mətbuatı isə hücumçunun təxminən dörd həftə meydana çıxmayacağını yazıb.

Bu mövsüm La Liqada doqquz oyuna çıxan Levandovski dörd qol vurub. Hazırda zədəlilər sırasında Raphinha, Gavi, Dani Olmo, Mark-Andre ter Stegen və Joan Qarsia da yer alır. Bununla belə, gənc hücumçular:Lamine Yamal və Fermin Lopes artıq məşqlərə qayıdıblar.


Mənbə: BBC news

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et