Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində oktyabrın 13-də ilk olaraq rektor Anar Eminov İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin rektoru, professor Dr. Bayram Yılmaz ilə görüşüb.

MDU-dan verilən məlumata görə, görüş zamanı professor B. Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnun olduğunu bildirib, həmçinin iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlıq həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verir. Ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini daha da gücləndirəcəyini diqqətə çatdıran rektor birgə layihələrin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm faydalar verəcəyinə əminliyini bildirib. Göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirən rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edib.

Qurulan yeni əməkdaşlığın təfərrüatlarının müzakirəsi ilə davam edən görüşün sonunda MDU-nun rektoru A. Eminov və DEU-nun rektoru B. Yılmaz iki universitetin qarşılıqlı əməkdaşlığı istiqamətində olan Memorandumu imzalayıblar.
Əməkdaşlığın qurulmasında məqsədin tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq elmi tədqiqatların dəstəklənməsi və birgə layihələrin icrası olduğunu bildirən A. Eminov imzalanan Memorandumun yalnız bir sənəd deyil, gələcəyə uzanan bir körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Memoranduma əsasən, tərəflər ikili diplom proqramlarını icra edəcək, təhsil və elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərəcək, ortaq elmi layihələr, beynəlxalq konfranslar və seminarlar təşkil edəcək, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcəklər. Həmçinin tərəflər qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu, ortaq magistratura səviyyəsi üzrə proqramlarının təşkili, innovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, birgə elmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi, ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq, habelə ortaq təlim və kursların təşkili kimi fəaliyyətlərdə iştirak edəcəklər.

Növbəti səfər isə oktyabrın 14-də İzmir şəhərində yerləşən Ege Universitetinə olub. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Ege Universitetinin (EGE) rektoru, professor Necdet Budak ilə görüşüb.
MDU-dan verilən məlumata görə, görüş zamanı tərəflər universitetlərarası əlaqələrin konkret istiqamətləri, ortaq tədqiqat layihələrinin icrası, birgə konfrans və seminarların təşkili, eləcə də tələbə və akademik heyətin mübadiləsi məsələlərini müzakirə ediblər. Hər iki tərəf gələcəkdə təhsil proqramlarının uyğunlaşdırılması, ikili diplom modellərinin tətbiqi və innovativ təlim platformalarının yaradılması kimi təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.

Prof. N. Budak MDU-nun nümayəndə heyətini Ege Universitetində görməkdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsində münasibətlərin inkişafı iki ölkənin strateji əməkdaşlığının mühüm tərkib hissəsidir. Rektor bildirib ki, Ege Universiteti qardaş Azərbaycanla akademik və elmi əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə həyata keçiriləcək birgə proqramlar, elmi layihələr və mübadilə imkanları hər iki tərəfin təhsil sisteminə töhfə verəcək.
MDU-nun rektoru Anar Eminov vurğulayıb ki, MDU beynəlxalq əməkdaşlıq strategiyasında Türkiyə ali təhsil müəssisələri ilə tərəfdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, bu əməkdaşlıq yalnız elmi mübadilə ilə məhdudlaşmır, həm də mədəni inteqrasiya, innovativ idarəetmə təcrübələrinin paylaşılması, birgə layihələrin həyata keçirilməsi və müəllim-tələbə mübadiləsi sahəsində yeni imkanlar yaradır.

Görüşün sonunda MDU ilə EGE arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanıb.
Protokola əsasən, tərəflər akademik və mədəni əlaqələrin inkişafı, müəllim, elmi işçi və tələbə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması və nəticələrinin nəşri, ortaq elmi tədbirlərin keçirilməsi, eləcə də tədris resurslarının, ədəbiyyatların və məlumat bazalarının paylaşılması istiqamətində əməkdaşlıq edəcək. Həmçinin tərəflər gələcəkdə ortaq magistratura proqramlarının təşkili, mübadilə iştirakçılarına dəstək mexanizmlərinin yaradılması və tələbələrin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.

Protokolun imzalanması mərasimindən sonra MDU-nun nümayəndə heyəti EGE-nin tələbə şəhərciyinə baş çəkib, burada yerləşən tədris binaları, elmi-tədqiqat laboratoriyaları və infrastrukturu ilə tanış olub. EGE-nin müasir təhsil mühiti, innovativ tədris yanaşmaları və tələbə yönümlü infrastruktur imkanları yüksək qiymətləndirilib.



Həvva Cəbrayılova
