25 yaşlı Matan Zangauker anasının qucağına gülümsəyərək qaçır. “Sən mənim həyatım, mənim qəhrəmanım!” - deyə anası Einav onu bərk-bərk qucaqlayır. Bu anlar İsrail ordusu tərəfindən çəkilən kadrlarda əks olunub.

Matan 2023-cü il 7 oktyabrda baş verən Hamas hücumları zamanı girov götürülən və iki il sonra azad edilən 20 sağ girovdan biri olub.
Anası Einav oğlunun azad edilməsi üçün illər boyu yorulmadan mübarizə aparıb və İsraildə girovların azad olunması hərəkatının ən tanınmış simalarından birinə çevrilib. O, dəfələrlə İsrail hökumətini Hamasla məhbus mübadiləsi razılaşmasına getməyə çağırıb.
Keçən həftə Einav və qızı Tel-Əvivdəki Girovlar Meydanında atəşfəşanlıq edərək İsrail və Hamas arasında Donald Trampın sülh planı çərçivəsində əldə olunan atəşkəs razılaşmasını qeyd ediblər.
Bazar ertəsi günü eyni meydanda Matan və digər 19 girovun İsrailə qayıdıb ailələri ilə görüşdüyü anların böyük ekranlarda nümayişini izləyib, sevinclə alqışlayıb. İnsanlar İsrail və ABŞ bayraqlarını dalğalandırır, “Onlar evə dönürlər” yazılmış plakatlar tuturdular.
Matan Nir Oz yaşayış məntəqəsindən həyat yoldaşı İlana Qritzewski ilə birlikdə girov götürülüb. Lakin İlana bir ay sonra elan edilən atəşkəs zamanı azad edilib.
2024-cü ilin dekabrında Hamas Matanın əsirlikdə olduğu və girovların dəridə xəstəliklər, yemək, su və dərman çatışmazlığı yaşadıqlarını dediyi video yayımlayıb.
Bazar ertəsi günü azadlığa çıxandan dərhal sonra anası ilə videozəng edən Matan Einavdan bu sözləri eşidib: “Şükür Allaha, müharibə bitdi. Müharibə bitdi".
Ailə sonradan verdiyi bəyanatda bildirib: “İki illik cəhənnəmdən sonra bu gün həyatımızda yeni bir fəsil başlayır - sağalma və bərpa dövrü".
Azad edilən girovlar kimlərdir?
Bu sevinc hissini digər ailələr də bölüşüb.
Eitan Hornun ailəsi (o da Nir Oz-dan girov götürülüb və qardaşı Yair 2024-cü ilin fevralında azad edilib) bəyan edib ki, “onu qucaqlayacağıq, sevgi ilə əhatə edəcəyik və bütün bərpa prosesi boyu yanında olacağıq”.
24 yaşlı Evyatar Davidin ailəsi isə - o, Nova musiqi festivalında əsir alınıb və avqustda Hamas tərəfindən yayılan videoda arıq və zəif halda göstərilib - belə deyib:
“Biz hər zaman bilirdik ki, o, geri dönəcək. İki illik əzabdan sonra o, buradadır. İndi Evyatar və bizim üçün yeni bir sağalma yolu başlayır".
Girovlar Qırmızı Xaç Beynəlxalq Komitəsi (ICRC) tərəfindən Qəzzadakı görüş nöqtələrindən toplanaraq İsrail sərhədi yaxınlığında ailələri ilə birləşdirilib, daha sonra hava yolu ilə xəstəxanalara aparılıblar.
İsrailin bir çox bölgəsində insanlar 20 girovun geri qayıdışını böyük sevinclə qeyd ediblər. Hərbi helikopterlər onları xəstəxanalara apararkən insanlar səmaya baxaraq əl yelləyib və alqışlayıblar.
İnbar Qoldşteyn, ailə üzvləri 2023-cü ilin noyabrında azad edilən israilli qadın BBC-yə deyib: “Sevincli və minnətdaram. Bilirəm ki, hələ çətin günlər olacaq, amma bu gün yalnız sevinmək istəyirəm".
Meydanda olan yeniyetmə Yarden isə bildirib: “Biz buradayıq ki, girovların azad olunmasını qeyd edək. Bu gün İsrail xalqı birləşib - bu, siyasət deyil, birlik günüdür".
Hələ də itkinlər var
Azad edilən girovların sevincinə baxmayaraq, əsirlikdə həlak olanların ailələri hələ də gözləmədədir. Hamas bildirib ki, 28 nəfərdən yalnız 4 nəfərin cəsədi bazar ertəsi təhvil veriləcək.
İsrail ordusu (IDF) açıqlamasında bildirib ki, cəsədlərin kimlikləri laboratoriyada dəqiqləşdirildikdən sonra ailələrə məlumat veriləcək.
İsrail mediasının dərc etdiyi atəşkəs razılaşmasının surətinə görə, Hamas və digər qruplar bütün mərhum girovların cəsədlərini bazar ertəsi, yerli vaxtla saat 12:00-a qədər təhvil verməli olub. Lakin sənəddə qeyd olunub ki, bütün cəsədlərin həmin vaxta qədər tapılması mümkün olmaya bilər.
Razılaşma həmçinin İsrail həbsxanalarından təxminən 250 fələstinli məhbusun (onların bəziləri israillilərə qarşı ölümcül hücumlarda ittiham olunmuşdu) və təxminən 1,700 Qəzzalı saxlanılan şəxsin azad edilməsini nəzərdə tutur.
İsrail Müdafiə Qüvvələri (IDF) bəyanatında Hamasdan “razılaşmanın öz hissəsini yerinə yetirməsini və bütün cəsədləri təhvil verməsini” tələb edib.
Matanın ailəsi bildirib: “Bütün girovlar geri qayıtmayınca bizim üçün rahatlıq olmayacaq. Biz son girov evinə dönənə qədər mübarizəni davam etdirəcəyik".
Mənbə: BBC News
Tərcümə etdi: Fərid Tapdıqov
