Ancelotti: "Neymar Braziliya millisinin planlarında qalır, lakin yığmaya yenidən çağırılması üçün tam formada olmalıdır".

Baş məşqçi Karlo Ancelotti bazar ertəsi günü verdiyi açıqlamada bildirib ki, Neymar yenidən beynəlxalq karyerasını canlandırmaq və gələn il keçiriləcək dünya çempionatına hazırlaşmaq üçün əvvəlcə tam sağlamlıq vəziyyətinə qayıtmalıdır.
33 yaşlı hücumçu artıq iki ildir ki, Braziliya millisində oynamır. Səudiyyə Ərəbistanından Santosa qayıtdıqdan sonra davamlı zədələr Neymarın stabil çıxış etməsinə mane olub.
Ancelotti çərşənbə axşamı Yaponiyaya qarşı keçiriləcək yoldaşlıq oyunu öncəsi keçirdiyi mətbuat konfransında Neymarın istedadını yüksək qiymətləndirib, lakin onun fiziki durumunun önəmini vurğulayıb:
"Neymar bu komandada ən yüksək səviyyədə problemsiz oynaya bilər. Fiziki vəziyyəti yaxşı olanda, Braziliya yox, dünyanın istənilən komandasında oynaya biləcək keyfiyyətə malikdir".
Keçmiş “Barcelona” və “PSG” ulduzu sonuncu dəfə 2023-cü ilin oktyabrında Braziliya formasını geyinib və həmin oyunda dizindən ağır zədə alıb. Bu zədə onun geri dönüş cəhdlərini çətinləşdirib.
Braziliya ötən cümə Cənubi Koreyaya qarşı 5:0 hesablı inamlı qələbə ilə güclü formada olduğunu göstərib.
Buna baxmayaraq, Ancelotti balansın və komanda oyununun əsas rol oynadığını bildirib:
"Braziliya yığması gözəl futbol oynamaq istəyir və buna qadirdir. Amma gözəl futbol dedikdə nə nəzərdə tutulur, bu önəmlidir. Futbolçuların həm fərdi bacarıqları, həm də öhdəlikləri var. Gözəl futbol həm top ilə, həm də topsuz oynamağı əhatə edir və bu çox vacibdir".
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
