Bu gün "Abşeron Olimpiya İdman" kompleksində karate üzrə 2. liqa yarışı olan "Badamlı Kuboku"na start verilib. 700-dən çox idmançının iştirak etdiyi tədbirdə Mərkəzi Karate Məktəbi (MKM) 10 döyüşçü ilə təmsil olunub. Azyaşlılarda ilk yarışına çıxan Dəniz Cavadova gümüş medala yiyələnib. Onunla yanaşı Ümüd Bayramov, Yusif Abbasov, Əlixan Abıyev, Mahmud Əbülhəsənov, Allahverdiyev Xəqani, Əmirullayev Həsən və öz yaş qrupunun favoriti hesab olunan Ayxan Məmmədyarlı da həmçinin ikinciliklə kifayətlənməli olub.

Bu yarışda Mərkəzi Karate Məktəbinə qızıl medalı gətirən idmançı isə Amil Xasıyev olub. Allahverdiyev Hüseynlə yanaşı qızlarda "-47" kq çəki dərəcəsində döyüşən Sudənur Tozmaz da bütün cidd-cəhdlərinə baxmayaraq keçirdiyi 2 görüşdən məğlub ayrılaraq turniri medalsız başa vurub.
Yekunda Mərkəzi Karate Məktəbi məşqçilər Tural Ağalarzadə və Məcid Əmirovun rəhbərliyi altında mötəbər yarışı 1 qızıl və 8 gümüş medalla başa vurub.
Azərbaycanda ilk karate məktəblərindən olan və həmişə ön sıralarda qərarlaşan Mərkəzi Karate Məktəbi bu gün də öz ali dəyərlərini qoruyub saxlamaqdadır. Klubun üzvləri yüksək idman bilikləri ilə yanaşı öz tərbiyə və intizamı ilə seçilir.

Biz də öz adımızdan mükafatçıları təbrik edir, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzu edirik.


Fatimə Hüseynova
