24media.az saytının növbəti qonağı dəyərli sənətkar Taleh Yüzbəyovdur. Taleh Yüzbəyov, 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan kinosunun tanınmış aktyor, rejissor, ssenarist və prodüseridir. Kino sənətinə olan marağı və istedadı ilə gənc yaşlarından diqqət çəkən Taleh Yüzbəyov, özünü həm aktyor, həm də rejissor olaraq müxtəlif layihələrdə sınayıb.

Yaradıcılıq fəaliyyətinə ilk dəfə 2015-ci ildə “Oğlan Evi” filmi ilə başlayıb. Sonrakı illərdə “Qız Qaçırtma” (2017), “Son Nəfəsədək” (2018), “Oxşarabad” (2018), “Qış Nağılı” (2019) və s. filmlərlə yanaşı bəzi layihələrdə epizodik rollar canlandırıb. “Zəhər Tuluğu” (2018), “Ortastatistik Rasim” (2019), “Karantinvari Toy” (2020) və “Bəlkə də…” (2025) filmlərində isə həm aktyor, həm də rejissor kimi çıxış edib. Taleh Yüzbəyovun yaradıcılığı müasir Azərbaycan kinosunun inkişafına və yeni yanaşmaların tətbiqinə mühüm töhfələr verib. Onun filmləri həm yerli, həm də beynəlxalq kino festivallarında nümayiş olunub və bir çox müsbət rəylər alıb. Bu gün Taleh müəllimlə kinosənət, ideya və yaradıcılıq prosesi ilə bağlı qısa, amma maraqlı söhbət etdik:
– Sizcə, yaxşı film çəkilməsi üçün böyük büdcə lazımdır, yoxsa böyük ideya?
“Büdcə filmə həmişə lazımdır. Amma yaxşı ideyadan az büdcə ilə də yaxşı film çəkmək olar. Pis ideyanı isə yaxşı büdcələr xilas edə bilmir. İdeya büdcədən üstündür.”
– Əgər sizə desələr ki, Azərbaycan kinosunda bir qaydanı dəyişmək mümkündür nəyi dəyişərdiniz?
“Kinoya ayrılan pulun qərarını yaşlı kino işçilərinin əlindən alıb, daha gənclərə tapşırardım. Gənclər müasir kinonu daha yaxşı bilirlər, məncə.”
– Ssenari yazanda əvvəl finalı düşünürsünüz, yoxsa hadisələri axarına buraxırsınız?
“O vəziyyətə görə dəyişir. Bəzən bir səhnədən, bir hadisədən doğur hər şey. Bəzən əvvəl finalı bilib, sonra ona doğru gedirsən. Tək bir formulu yoxdur mənim üçün. Əsas yazdığın əhvalatı əvvəl özün hiss edib, özün inanmalısan.”
– Əgər bir gün film çəkmək imkanınız olmasa, özünüzü hansı sənət növü ilə ifadə edərdiniz?
“Yəqin hekayələr yazardım. Və ya roman. Təki danışmağa əhvalatım olsun, bir yolunu taparam.”
Taleh Yüzbəyovun sözlərindən aydın olur ki, kino yalnız texnika və büdcədən ibarət deyil, əsas olan ideya, hiss və hekayənin gücüdür.
Fidan Şahbazlı
