Təxminən bir il əvvəl tarixçi Federica Gigante dərs hazırlayarkən Ludovico Moscardo-nun portretini axtaranda Verona muzeyində tamam başqa bir metal disk görüb. O dərhal başa düşüb ki, bu bir astrolabdır — ulduzları xəritələmək və vaxtı göstərmək üçün istifadə olunmuş nadir bir alət olub. Üç ay sonra muzeyə gedəndə günəş işığının alətin mis detalları üzərinə düşdüyünü görüb və alətin nə qədər xüsusi olduğunu anlayıb.
Araşdırma zamanı Gigante alətin üzərində ərəb və İvrit yazıları olduğunu aşkar edib. Ərəb yazıları ilə ulduz adları qeyd olunub, sonra isə İvrit dilinə tərcümə olunub. Alətin bir plakasında Toledo, digərində isə Córdoba yazıldığını görüb. Alətdəki ulduz mövqeləri 1060-1070-ci illərdə hazırlanmış astrolablara uyğun gəlib, digər plaka Şimali Afrikanın enliklərini göstərib. Bu da alətin o dövrdə bölgədə yaşayan və ya tez-tez səyahət edən birinə aid olduğunu göstərib. Astrolabın tarixi Gigante-nin araşdırmalarına görə, əvvəl Andəlusiyada hazırlanıb, sonra Şimali Afrikaya aparılıb və yəhudi sahibinin əlinə keçib. Sonralar İtaliyadakı yəhudi diasporasında istifadə olunub və Qərbi Avropa rəqəmləri ilə oyulmuş son qravürlər İtalyan və ya Latın dilində hazırlanıb. Astrolab nəhayət Moscardo-nun kolleksiyasına daxil olub və evlilik yolu ilə Miniscalchi ailəsinə keçib. 1990-cı ildə ailə Fondazione Museo Miniscalchi Erizzo muzeyini yaradıb və kolleksiyanı qoruyub saxlayıb.
Gigante Nuncius jurnalında Verona astrolabı haqqında məqalə dərc edib. O bildirib ki, bu alət İslam, Yəhudi və Xristian alimlərinin birgə elmi fəaliyyətinə dair çox əyani, fiziki sübut olub. “11-ci əsr İspaniyasında yəhudilər, müsəlmanlar və xristianlar bir-biri ilə yanaşı işləyib, xüsusilə elmi sahədə, və çox yəhudi alim müsəlman hökmdarların sponsorluğu altında işləyib,” deyə o vurğulayıb. “Bu kəşf əvvəllər olmayıb və çox güman ki, bir daha olmayacaq.”
Mənbə: The Guardian
Tərcümə etdi: Fidan Şahbazlı
