Bu gün:

Tarixdə televiziyaya çıxan ilk insan


Elm adamları 1850-ci illərdən televiziyanın yaradılması üzərində işləsələr də, bu ideyanı reallaşdıran şəxs Con Logie Baird olub. O, köhnə velosiped fənərləri, qırıntılar və qalay qutularından istifadə edərək dünyanı dəyişən bir kəşfə imza atıb.

Sağlamlıq problemlərinə görə I Dünya Müharibəsində iştirak etməyən Baird 1923-cü ildə İngiltərənin Hastings şəhərində kiçik bir ev tutub televiziya üzərində təcrübələr aparmağa başlayıb. O, fotodetektorlar və işıqla şəkilləri sətir-sətir skan edən diskdən istifadə edib.

1925-ci il oktyabrın 2-də Londonda yerləşən laboratoriyasında Baird ilk dəfə insan obrazını ötürməyi bacarıb. Təcrübədə ona kömək edən 20 yaşlı Uilyam Taynton idi. Avadanlıqların istiliyi yüksək olsa da, o, tarixdə ilk televiziya görüntüsünün qəhrəmanına çevrilib.

Baird həyəcanla qışqırıb: “Mən səni görürəm, Uilyam! Televizoru tapdım!” O, Tayntona bunun gələcəkdə hər evdə olacağını söyləyib. 1926-cı ildə o, dünyada ilk televiziya nümayişini edib. Bairdin mexaniki sistemi daha sonra təkmilləşdirilsə də, onun ixtirası bəşəriyyətin ünsiyyət tərzini dəyişib.

1951-ci ildə laboratoriyasının yerləşdiyi binaya xatirə lövhəsi qoyulub. Baird sayəsində televiziya dünyanın ən mühüm ixtiralarından birinə çevrilib.

Mənbə: BBC News

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et