Bu gün:

Stiv Klark yubiley ərəfəsində Şotlandiyanı arxayınçılıqdan uzaq olmağa çağırır


Belarus bazar günü seçmə mərhələ oyunu üçün “Hemden Park”a səfər edəcək. Klark Şotlandiya millisinin tarixində ən çox oyun keçirən baş məşqçi olacaq.

Stiv Klark bazar günü “Hemden Park”da Belarusla qarşılaşma öncəsi karyerasında mühüm bir mərhələni qeyd edəcək. Bu görüş onun rəhbərliyi altında Şotlandiya millisinin 72-ci oyunu olacaq və o, bu göstəriciyə görə Kreyq Braunu geridə qoyaraq ölkə tarixində ən çox oyun idarə edən baş məşqçi adını qazanacaq.

Klark üçün əsas hədəf DÇ-2026-nın seçmə mərhələsində uğurla çıxış edib final mərhələsinə vəsiqə qazanmaqdır. Bununla yanaşı, o, uzunömürlülüyünün də dəyərini anlayır.

“Əgər bununla qürur duymasam, bir az axmaq olardım, çünki bu qədər oyuna çatan ilk məşqçiyəm" , - deyə Klark bildirib.

“Bu, əlbəttə ki, xoş hissdir, amma bu an şəxsi bir məsələdir. Hər şey mənimlə bağlı olmamalıdır. Bu, komanda haqqındadır və məqsədimiz Dünya Çempionatına vəsiqə qazanmaqdır. Bizim diqqətimiz məhz buna yönəlib".

Klark əlavə edib ki, onun əsas tapşırığı Şotlandiyanı böyük turnirlərə çıxarmaq olub:

“Biz bunu iki dəfə bacarmışıq, amma yenə istəyirik, çünki hamımız bir az "acgözük". Mənim üçün əsas gözlənti mümkün olan ən yaxşı nəticəni göstərmək idi. Hər zaman oyunçulara baxıb düşünürəm: "Nə edə bilərik ki, daha da inkişaf edək" Açığı, bu qədər uzun müddət davam edəcəyimi düşünmürdüm, amma budur, buradayam".

Cümə axşamı Yunanıstana qarşı əldə edilən qələbədən sonra Şotlandiya C qrupunda Danimarkadan yalnız top fərqinə görə geri qalır. Qrup mərhələsində qarşıda həm Afinada, həm də evdə danimarkalılara qarşı oyunlar var. Buna görə də Klark Belarusla görüşdə rahat qələbə qazanmaq niyyətindədir.

Danimarka cümə axşamı Belarusun qapısından altı top keçirsə də, Klark futbolçularını arxayınçılıqdan uzaq durmağa çağırır:

“Əgər siz Dünya Çempionatına vəsiqə qazanmaq istəyirsinizsə, bu cür oyunlarda qalib gəlmək vacibdir. Böyük komandalarla qarşılaşmaq üçün əvvəlcə belə rəqiblər üzərində üstünlük qazanmalısınız. Əgər reytinq cədvəlində sizdən aşağı olan komandalarla xallar itirsəniz, vəsiqə qazanmaq çox çətinləşir. Əvvəlki illərdəki uğursuzluqlarımıza baxanda, bəlkə də elə bu cür oyunlarda səhv etmişik".

“Mənim rəhbərliyim dövründə biz qrup mərhələlərində "zəif" adlandırılan komandalar qarşısında yaxşı nəticələr göstərmişik və bu, çox vacibdir. Belarusdan da xal almaq bizim üçün çox önəmlidir. Onlar buraya gələcək, yaxşı təşkilatlanacaq və müdafiədə qapalı oynayacaqlar. Onları sındırmaq çətin olacaq və bunu bacarana qədər oyun uzun görünə bilər".

“Onlar bizə çətinlik yaradacaqlar, amma məsələ ondadır ki, biz oyuna düzgün yanaşaq - buna da tam əminəm. Əsas odur ki, kifayət qədər qol imkanı yaradaq və azarkeşləri həyəcanlandıraq. Azarkeşlər komandaya dəstək olmalıdır, oyunçular isə onlara qürur hissi yaşatmalıdır. Bizim məqsədimiz məhz bunu təmin etməkdir".

Mənbə: The Guardian

Tərcümə etdi: Nurullazadə

Paylaş
Şərh əlavə et